Uarş: FED yüksək inflyasiyaya qarşı dözümlü olmayacaq

Uarş: FED yüksək inflyasiyaya qarşı

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uarş yüksək inflyasiyanın davam etməsinə imkan verilməyəcəyini bildirib. O, son beş ildə müşahidə olunan qiymət artımlarının qarşısının alınması və qiymət sabitliyinin bərpası istiqamətində qurumun qətiyyətli olduğunu vurğulayıb.

Uarş ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində təqdim edəcəyi çıxış mətnində bildirib ki, FED siyasətçiləri davamlı yüksək inflyasiyaya dözümlü yanaşmayacaqlar.

“Əgər pul siyasətini düzgün həyata keçirsək, son beş ildə yaşanan inflyasiya dalğası keçmişdə qalacaq”, – deyə FED sədri qeyd edib.

Onun açıqlamaları digər FED rəsmilərinin də inflyasiyanın azaldılması üçün faiz dərəcələrinin yüksək saxlanmasının və ya artırılmasının lazım ola biləcəyi barədə xəbərdarlıqlarından sonra səslənib.

Kevin Uarş ABŞ iqtisadiyyatının ümumi vəziyyətini müsbət qiymətləndirib. O, əmək bazarının sabit qaldığını, işdən çıxarılmalarla bağlı ciddi əlamətlərin olmadığını və nominal əməkhaqlarında artım gözləntilərinin davam etdiyini bildirib.

FED rəhbəri süni intellekt sahəsindəki sürətli inkişafla bağlı isə daha ehtiyatlı mövqe nümayiş etdirib. Onun sözlərinə görə, bu sahədəki artım biznes investisiyalarını gücləndirsə də, iqtisadiyyat üçün müəyyən qeyri-müəyyənliklər yaradır.

“İqtisadiyyatın süni intellekt inkişafından nə dərəcədə faydalanacağını bilmirik. Yeni imkanlar siyasətçilər üçün yeni çağırışlar yaradır. FED olaraq bunun inflyasiyaya və əmək bazarına təsirlərini izləyirik”, – deyə Uarş bildirib.

Uarşın rəhbərliyi ilə keçirilən ilk iclasda FED əsas faiz dərəcəsini ardıcıl dördüncü dəfə 3,5-3,75 faiz diapazonunda saxlamaq qərarı verib.

FED sədri 2020-ci ildə qəbul edilən pul siyasəti çərçivəsinin səhv olduğunu bildirib. O, həmin yanaşmanın gözlənilən nəticələri vermədiyini və qurumun mövcud siyasət alətlərini yenidən qiymətləndirməli olduğunu qeyd edib.

Uarş pul siyasətinin həyata keçirilməsində əsas istiqamətləri araşdırmaq üçün beş sahə üzrə xüsusi işçi qruplarının yaradıldığını bildirib.

“Bu qruplar inflyasiyanın yüksəlməsinin səbəblərini müəyyən edəcək və nəticələrə uyğun olaraq siyasətimizi formalaşdıracağıq”, – deyə FED rəhbəri qeyd edib.

MONETAR.AZ