Azərbaycanda dövlət büdcəsinin gəlirləri ortamüddətli dövr üçün makroiqtisadi göstəricilər əsasında hesablanıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020-ci ildə təsdiqlənmiş qaydalara uyğun olaraq, gəlirlər hər bir tədiyə növü üzrə ayrıca proqnozlaşdırılıb.
Hesablamalar zamanı əsas makroiqtisadi amillər – ÜDM və qeyri-neft ÜDM artımı, valyuta məzənnəsi, neft-qaz hasilatı və neftin qiyməti nəzərə alınıb. Proqnozlara görə, 2027–2030-cu illər üçün xam neftin qiyməti 65 ABŞ dolları/barel səviyyəsində götürülüb. Bundan əlavə, Azərbaycan Dövlət Neft Fondu aktivlərinin gəlirliliyi də nəzərə alınan əsas faktorlar sırasındadır.
2027-ci ildə icmal büdcə gəlirləri 48 milyard 63,6 milyon manat təşkil edəcək. Bu, 2026-cı illə müqayisədə 3 milyard 94,2 milyon manat və ya 6,9% çoxdur.
2030-cu ilə qədər gəlirlərin 53 milyard 799,9 milyon manata çatacağı gözlənilir. Bu da 19,6% artım deməkdir.
Ortamüddətli dövrdə əsas hədəflərdən biri qeyri-neft-qaz gəlirlərinin payının artırılmasıdır. Bu istiqamətdə iqtisadi artım, sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə və kölgə iqtisadiyyatının azaldılması mühüm rol oynayacaq.
Proqnozlara əsasən 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 69,1%-ə çatacaq (2027-ci illə müqayisədə +8,1 faiz bəndi). Bu gəlirlər mütləq ifadədə 28,4 milyard manat təşkil edəcək (+18,8%)
Eyni zamanda, neft-qaz gəlirlərində azalma gözlənilir. 2030-cu ildə bu gəlirlər 2027-ci illə müqayisədə 17% azalaraq 12,7 milyard manata enəcək.
Beləliklə, hökumət uzunmüddətli dövrdə büdcənin neftdən asılılığını azaltmağı və daha dayanıqlı maliyyə strukturuna keçidi prioritet kimi müəyyən edib.
MONETAR.AZ