Azərbaycan büdcə kəsirini 2030-cu ilədək 2 faizə endirməyi hədəfləyir

Azərbaycan büdcə kəsirini 2030-cu ilədək

Azərbaycanda dövlət maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində yeni hədəflər müəyyənləşdirilib. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən açıqlanan “2027–2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”nə əsasən, yaxın 5 ildə büdcə kəsirinin ÜDM-ə nisbətinin mərhələli şəkildə azaldılması planlaşdırılır.

Sənədə görə, dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2027-ci ildə 2,2 % səviyyəsində proqnozlaşdırılır, 2030-cu ildə isə bu göstəricinin 2 %-ə qədər endirilməsi nəzərdə tutulur.

Büdcə kəsiri üzrə əsas proqnozlar:

  • 2027-ci il – 3 milyard 64 milyon manat
  • 2028-ci il – 3 milyard 161 milyon manat
  • 2029-cu il – 3 milyard 210,3 milyon manat
  • 2030-cu il – 3 milyard 408 milyon manat

Büdcə kəsirinin maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi bir neçə mənbə hesabına həyata keçiriləcək. Bunlara özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, eləcə də vahid xəzinə hesabının qalığı daxildir.

Eyni zamanda, prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutlarından borclanma prosesinə artıq start verilib. Gözlənilir ki, bu istiqamətdə imzalanacaq yeni sazişlər kəsirin maliyyələşməsində xarici borcun payını artıracaq.

Yeni makrofiskal çərçivə çərçivəsində dövlət borclanması müəyyən edilmiş limitlər daxilində idarə olunacaq. Bununla yanaşı, daxili maliyyə bazarlarının inkişafı üçün dövlət qiymətli kağızlarının və istiqrazların emissiyası davam etdiriləcək.

Qeyd edək ki, icmal büdcə kəsiri üzrə də ciddi azalma proqnozlaşdırılır. Belə ki, 2027-ci ildə 2 milyard 42,6 milyon manat gözlənilən kəsirin 2030-cu ildə 54,1 milyon manata qədər enəcəyi bildirilir.

MONETAR.AZ