Hindistanda IDBI Bank-ın özəlləşdirilməsinə qarşı ümummilli tətil keçiriləcək

Hindistanda IDBI Bank-ın özəlləşdirilməsinə qarşı

Hindistanın bank həmkarlar ittifaqları IDBI Bank-ın Kanadanın Fairfax Financial şirkətinə satılması planına etiraz olaraq dekabrın 3-də ölkə miqyasında tətil keçirəcəklərini açıqlayıblar.

Bu, son iki ayda sözügedən satışa qarşı təşkil olunan ikinci genişmiqyaslı etiraz aksiyası olacaq. Həmkarlar ittifaqları Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hökuməti sövdələşmədən imtina etməyə çağırırlar. Onların fikrincə, bankın idarəetməsinin xarici şirkətə verilməsi IDBI Bank-ın dövlət sektoru müəssisəsi statusunu təhlükə altına sala bilər. Hazırda bankda 19 mindən çox əməkdaş çalışır.

Kanadalı milyarder Prem Vatsa tərəfindən yaradılan Fairfax Financial ötən ay IDBI Bank-ın 60,72%-lik səhmlərini əldə etmək barədə razılığa gəlib. Bu addım Hindistan hökumətinin kredit təşkilatını özəlləşdirmək planının reallaşdırılması istiqamətində mühüm mərhələ hesab olunur. Sövdələşmə ölkənin maliyyə xidmətləri sektoruna indiyədək yatırılan ən böyük xarici investisiya kimi qiymətləndirilir.

IDBI rəhbərliyi və əməkdaşlarının Birləşmiş Forumu Hindistan Ehtiyat Bankının rəhbəri Sancay Malhotraya da müraciət edərək satışın təsdiqlənməsi prosesinin təxirə salınmasını istəyib.

Həmkarlar ittifaqları Fairfax Financial-ın bank sektorundakı reputasiyasının, sövdələşmənin dəyərinin və şirkətin digər kredit təşkilatlarındakı iştirak paylarının müstəqil şəkildə araşdırılmasını tələb edirlər. Onlar, həmçinin satınalmanın dolayı yolla IDBI Bank-ın öz vəsaitləri hesabına maliyyələşdirilməsi ehtimalına aydınlıq gətirilməsini istəyirlər.

Müraciətdə Fairfax Financial-ın artıq CSB Bank Ltd.-nin 40%-lik səhminə sahib olduğu da vurğulanıb.

Hindistanın İnvestisiyaların və Dövlət Aktivlərinin İdarə Edilməsi Departamentinin yüksəkvəzifəli nümayəndəsi Arunit Çavla isə CNBC-TV18 telekanalına açıqlamasında IDBI əməkdaşlarının işə qəbul şərtlərinin və pensiya təminatının qorunacağını bildirib. O, hökumətin özəlləşdirmə siyasətini müdafiə edib, eyni zamanda IDBI Bank-ın öz satınalmasını maliyyələşdirə biləcəyi barədə yayılan məlumatları təkzib edib.

MONETAR.AZ