Tənzimləyici bu gün baza faiz dərəcəsini gözlənilmədən 25 baza bəndi artıraraq 6%-ə çatdırıb. Qərarın əsas səbəbləri milli valyutanın rekord həddə ucuzlaşması və ölkədə siyasi sabitliklə bağlı narahatlıqların güclənməsidir.
Beləliklə, yeddigünlük əks-repo dərəcəsi 2025-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə yüksəlib. Depozit və kredit mexanizmləri üzrə faizlər də müvafiq olaraq 5,25% və 6,75%-ə qaldırılıb.
Bu, may ayından bəri həyata keçirilən dördüncü faiz artımıdır. Ümumilikdə həmin dövrdən etibarən monetar sərtləşdirmənin həcmi 125 baza bəndinə çatıb. Əvvəlki artımların ikisi may və iyun aylarında həyata keçirilib, sonrakı iclaslarda isə baza dərəcəsi 5,75% səviyyəsində saxlanılıb.
Qərarın açıqlanmasından sonra rupi 0,2% möhkəmlənib, Jakarta Composite indeksi isə 0,4% yüksəlib. Bununla belə, çərşənbə axşamı milli valyuta bir dollar qarşısında 18 285 rupiyə qədər ucuzlaşaraq tarixi minimumunu yeniləyib. İlin əvvəlindən rupinin dollar qarşısında dəyər itkisi təxminən 8,7%-ə çatıb. Bu göstərici onu Asiyanın inkişaf etməkdə olan bazarları arasında ən zəif valyutalardan birinə çevirib.
Mərkəzi bank son dövrlərdə valyuta bazarına müdaxilələri gücləndirib. Tənzimləyici ofşor hesablaşma forvard müqavilələri, eləcə də daxili spot və forvard bazarları vasitəsilə əməliyyatlar həyata keçirib. Xarici kapitalın cəlb edilməsi məqsədilə valyuta risklərinin hedcinqi alətləri üzrə stimullar da təklif olunub.
Lakin bu tədbirlər valyuta üzərindəki təzyiqi tam aradan qaldırmayıb. Vitse-prezident Cibran Rakabuminq Rakanın istefası da daxil olmaqla, ölkədəki siyasi qeyri-müəyyənlik investorların narahatlığını artırıb.
İndoneziyanın maliyyə bazarlarına əlavə təzyiq yaradan amillərdən biri də MSCI-nin xəbərdarlığıdır. Qurum səhmlərin mülkiyyət strukturunun qeyri-şəffaflığı, sərbəst dövriyyədəki səhmlərin həcminin yetərsizliyi və əlaqələndirilmiş ticarət praktikaları ilə bağlı narahatlıqlarını açıqlayıb. Bu problemlər aradan qaldırılmadığı təqdirdə İndoneziya inkişaf etməkdə olan bazarlar statusunu itirərək müstəqil bazarlar kateqoriyasına keçirilə bilər. Belə bir qərar ölkənin indekslərini izləyən investisiya fondlarının kapitalı geri çəkməsinə səbəb ola bilər.
Faiz artımı ölkədə inflyasiyanın nisbətən sabit qaldığı bir vaxtda baş verib. İllik inflyasiya sentyabrda 3,28% olduğu halda, oktyabrda 3,23%-ə enib. Beləliklə, göstərici mərkəzi bankın 2,5% ± 1 faiz bəndi diapazonunda müəyyən etdiyi hədəf çərçivəsində qalıb. Baza inflyasiyası da 2,56%-ə qədər zəifləyib.
Digər tərəfdən, İndoneziya iqtisadiyyatında artım sürətlənib. Ev təsərrüfatlarının istehlak xərcləri və investisiya fəallığının dəstəyi ilə ölkənin ümumi daxili məhsulu üçüncü rübdə illik müqayisədə 5,47% artıb. Əvvəlki rübdə bu göstərici 5,29% təşkil etmişdi.
MONETAR.AZ