Mark Karni yanacaq vergisini Əmək Gününə qədər dayandırır

Mark Karni yanacaq vergisini Əmək Gününə

Kanadanın baş naziri Mark Karni bugün açıqlayıb ki, ölkədə yanacaq üzrə aksiz vergisi Əmək Günü (Labour Day) həftəsonuna qədər müvəqqəti olaraq dayandırılır. Bu qərar 2026-cı ildə benzinin qiymətinin əsasən İran müharibəsi fonunda təxminən 45% artması ilə əlaqədardır.

Karni bu addımı “məsuliyyətli müvəqqəti tədbir” kimi xarakterizə edib. Qərara əsasən, benzinin qiyməti hər litr üçün 10 Kanada senti, dizel yanacağının qiyməti isə 4 Kanada senti azalacaq. O, həmçinin ötən il Kanadada istehlakçı karbon vergisinin ləğvi ilə bağlı qərarını xatırladıb.

Baş nazir bildirib ki, maliyyə təzyiqi ilə üzləşən vətəndaşlar xərclərini diqqətlə idarə edir və hökumətdən də eyni yanaşmanı gözləyirlər.

Bu, Karni hökumətinin bu il istehlak qiymətlərinin artımına qarşı mübarizə məqsədilə vergi alətlərindən istifadə etdiyi ikinci haldır. Yanvar ayında hökumət mallar və xidmətlər üzrə vergi kreditini beş il müddətinə artırmış, həmçinin iyun ayında birdəfəlik əlavə ödəniş tətbiq etmişdi.

Qeyd edək ki, Kanadada benzin həm aksiz vergisinə, həm də əlavə 5% mallar və xidmətlər vergisinə cəlb olunur. Karninin əsas siyasi rəqibi, mühafizəkarların lideri Piyer Poylivr isə ilin sonuna qədər bütün federal yanacaq vergilərinin ləğv edilməsinə çağırıb.

MONETAR.AZ