Mərkəzi Avrasiyanın bank sektorunda aktivlərin böyük hissəsi azsaylı maliyyə institutlarının əlində cəmləşib. Regionun 173 bankının ümumi aktivləri 416 milyard dollar olduğu halda, ən böyük 10 bank bu məbləğin 42 faizinə sahibdir.
Monetar.az xəbər verir ki, CEBA-nın (Central Eurasia Banking Association) 2026-cı il üzrə Banklar İndeksinə əsasən, Qazaxıstanın Halyk Bankı 45 milyard dollarlıq aktivlərlə regionun ən böyük bankı hesab olunur.
Reytinqin ilk 10-luğunda Qazaxıstanın beş, Gürcüstanın iki, Özbəkistanın iki və Azərbaycanın bir bankı yer alıb. Azərbaycanı bu siyahıda Azərbaycan Beynəlxalq Bankı (ABB) təmsil edir.
Paylaşımda ilk 20 bank arasında yer alan və gələn il ilk 10-luğa yüksəlmək potensialı olan 5 bank da diqqətə çatdırılıb. Bunlar Özbəkistanın SQB-si, Azərbaycanın Kapital Bankı, Ermənistanın Ardshinbank-ı, Monqolustanın Khan Bankı və Qazaxıstanın Alatau City Bankıdır.
Siyahı regionun bank sektorunda Qazaxıstanın mövqeyinin güclü olduğunu, eyni zamanda Gürcüstan və Özbəkistan banklarının da ilk onluqda əhəmiyyətli yer tutduğunu göstərir.