Pakistan Mərkəzi Bankı banklara lisenziyalaşdırılmış kriptovalyuta şirkətləri üçün hesab açmağa icazə verib. Bununla da 2018-ci ildən qüvvədə olan kriptovalyuta əməliyyatları ilə bağlı məhdudiyyətlər qismən aradan qaldırılıb.
2026-cı ilin əvvəlində ölkədə virtual aktivlər haqqında qanun qəbul edilib. Qərarı şərh edən Virtual Aktivlərin Tənzimlənməsi İdarəsinin rəhbəri Bilal bin Saqib bildirib ki, bu addım virtual aktivlərin rəsmi maliyyə sisteminə inteqrasiyası istiqamətində əsas mərhələdir.
Bununla belə, Pakistan Mərkəzi Bankı vurğulayıb ki, banklar müştərilərin yoxlanılması, risklərin qiymətləndirilməsi və şübhəli əməliyyatların aşkarlanmasına görə tam məsuliyyət daşıyacaq. Eyni zamanda, kredit təşkilatlarına öz vəsaitləri hesabına kriptovalyutalara investisiya qoymaq və ya onları saxlamaq qadağan olunub.
Qeyd edək ki, 2025-ci ilin mayında Pakistan hakimiyyəti milli strateji Bitcoin ehtiyatının yaradılması planlarını açıqlamışdı. 2026-cı ilin yanvarında isə hökumət World Liberty Financial layihəsi ilə əməkdaşlıq etdiyini bəyan edib.
MONETAR.AZ