"Rabitəbank" ASC 2026-cı maliyyə ilinin ilk rübünü mənfəətlə başa vursa da, fundamental göstəricilərin analizi bankın mənfi əməliyyat levereci (negative operating leverage) və aktivlərin keyfiyyətinin pisləşməsi riskləri ilə üz-üzə olduğunu göstərir.
Bankın xalis mənfəəti illik müqayisədə 9,4% artaraq 5,1 milyon manata çatıb. Lakin bu artım gəlirlərin effektiv idarə olunmasından deyil, daha çox vergi xərclərinin olmaması və ehtiyat ayırmalarının azaldılması hesabına baş verib.
Gəlirlərin 21,5 % artdığı bir şəraitdə, qeyri-faiz xərclərinin 25,6 % yüksəlməsi bankın CIR (Cost-to-Income Ratio) göstəricisinin pisləşdiyini təsdiqləyir. Hesablamalar göstərir ki, bankın CIR göstəricisi 87 % ətrafındadır ki, bu da bank sektoru üçün kifayət qədər yüksək və qeyri-effektiv rəqəmdir.
Mənfəət vergisinin ödənilməməsi xalis mənfəət rəqəmini süni şəkildə "parladır". Bu, adətən keçmiş illərin vergi zərərlərinin cari mənfəətlə kompensasiya edilməsi (tax loss carry-forward) nəticəsində mümkün olur.
Bankın kredit portfeli 8,6% böyüyərək 922 milyon manata çatıb. Lakin portfelin "sağlamlığı" ciddi suallar doğurur:
axtı keçmiş kreditlərin 7,8 % artaraq 35,5 milyon manata çatması, yeni verilən kreditlərin keyfiyyətindəki risklərdən xəbər verir.
Problemli kreditlər artdığı halda, mümkün zərərlər üçün ayrılan ehtiyatların 26 % azaldılması mühafizəkar bankçılıq prinsiplərinə zidd görünür. Bu addım ehtiyat ayırmalarından "qənaət" edərək mənfəət rəqəmini hədəf səviyyədə saxlamaq cəhdi kimi qiymətləndirilə bilər.
Bankın aktivləri 16,4% artdığı halda, balans kapitalı cəmi 6,8 % artıb.
Aktivlərin kapitaldan daha sürətli böyüməsi bankın maliyyə leverecinin artdığını göstərir. Bu, kapitalın adekvatlıq əmsalları üzərində təzyiq yarada bilər, xüsusilə də riskli aktivlərin (kreditlərin) çəkisinin artması fonunda.
Depozit portfelinin 21,2% artması likvidlik mövqeyini gücləndirsə də, bu resursların cəlb edilmə dəyəri (cost of funding) xərclərin artımında mühüm rol oynamış ola bilər.
MONETAR.AZ