“Yelo Bank” ASC-nin cari ilin birinci rübü üzrə maliyyə göstəriciləri bankın ümumi sabitlik nümayiş etdirdiyini təsdiqləsə də, bir sıra struktur riskləri və mənfi tendensiyaları da ortaya qoyur.
Bankın xalis mənfəəti 6 milyon 685 min manat təşkil edib. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 515 min manat və ya 40,3% azalma deməkdir.
Faiz gəlirləri 24,2% artsa da, faiz xərcləri daha sürətl- 54,1 % yüksələrək 20,2 milyon manata çatıb. Xüsusilə depozitlər üzrə faiz xərclərinin 60,9 % artması resurs cəlb etmə xərclərinin əhəmiyyətli dərəcədə bahalaşdığını ortaya qoyur. Nəticədə faiz marjası daralır və gəlirlilik üzərində təzyiq artır.
Komissiya gəlirləri 6,2% azalıb, xarici valyuta əməliyyatlarından əldə olunan gəlir isə 9,7 dəfə azalaraq cəmi 123 min manat olub. Sadalanan göstəricilər alternativ gəlir mənbələrinin zəiflədiyini və gəlir diversifikasiyasının azaldığını əks etdirir.
Müştərilərə verilmiş kreditlərin həcmi 0,7 % azalıb. Qeyd olunan dinamika bankın aktiv genişlənməsində daha ehtiyatlı mövqe tutduğuna işarə edir.
Eyni zamanda banklar və digər maliyyə institutlarında yerləşdirilən depozitlərin 22% azalması likvid aktivlərin azalması kimi qiymətləndirilir. Belə hal qısamüddətli maliyyə çevikliyini məhdudlaşdıra bilər.
Bankın kapitalı 3,8% artsa da, ümumi aktivlər 0,1 % azalıb. Mövcud vəziyyət kapital artımının aktiv genişlənməsinə çevrilmədiyini və potensial artım imkanlarının məhdud qaldığını ifadə edir.
Ümumi öhdəliklər 0,7% azalıb. Xüsusilə kredit təşkilatları qarşısında öhdəliklərin 49 % azalması maliyyələşmə strukturunda ciddi dəyişikliklərə işarə edir. Belə yanaşma bir tərəfdən likvidlik risklərini azaltsa da, digər tərəfdən maliyyə resurslarının daralmasını ehtimal etdirir.
MONETAR.AZ