ADY: 8 ayda 7,3 milyondan çox sərnişin daşınıb

ADY: 8 ayda 7,3 milyondan çox

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım deməkdir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə sərnişinlərin böyük hissəsi Abşeron dairəvi dəmir yolunun payına düşüb. Belə ki, bu marşrut üzrə 6,9 milyon sərnişin səfər edib və illik artım 17 faiz təşkil edib.

Rayonlararası dəmir yolu marşrutlarından 396 min sərnişin istifadə edib. Bu istiqamətdə sərnişindaşıma ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. Beynəlxalq Bakı–Tbilisi–Bakı marşrutu ilə isə yanvar-avqust aylarında 53 min sərnişin səfər edib.

Avqust ayında da sərnişindaşıma üzrə artım tempi yüksək olub. Ay ərzində ADY-nin xidmətlərindən ümumilikdə 913 min 568 sərnişin istifadə edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 24 faiz çoxdur.