Bakının Suraxanı rayonu, Elzar Yusubov küçəsində, "Qərib Ağa" məscidinin yaxınlığında aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, məhdudiyyət səbəbindən sürücülər Hövsan (MİDA) yolu vasitəsilə Zığ şosesi istiqamətinə yönləndirilirlər. Nəticədə həm yol-təmir işləri, həm də bəzi sürücülərin əks hərəkət zolağına çıxması səbəbindən ərazidə nəqliyyat sıxlığı yaranıb.
Hazırda yol polisi əməkdaşları sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirirlər.
Sürücülərə həmin istiqamətdə hərəkət edərkən mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri və yol polisi əməkdaşlarının göstərişlərinə əməl etmələri tövsiyə olunur.