Metro xətlərinin ayrılması layihəsi çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində M4 və M6 nömrəli ekspres avtobusların hərəkətinin rahatlaşdırılması məqsədilə ərazidə nəqliyyat təşkilində dəyişiklik edilib.
AZƏRTAC Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, dəyişiklik metronun şimal çıxışında, “Atletlər kəndi” istiqamətində həyata keçirilib. İndiyədək ərazidəki “cib” tipli dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün istifadə olunurdu.
Yeni sxemə əsasən, ikinci “cib” yalnız M4 və M6 ekspres marşrutları üçün ayrılıb və burada xüsusi avtobus zolağı təşkil edilib. Ərazidə yeni yol nişanları quraşdırılıb və müvafiq nişanlanma xətləri çəkilib.
AYNA-nın məlumatına görə, görülən tədbirlər nəticəsində eyni ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların hərəkətinin daha nizamlı təşkili, eləcə də sərnişin axınlarının ayrılması təmin olunub. Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidini təmin etmək üçün ərazidə piyada keçidi də yaradılıb.