Lufthansa yanacağa qənaət məqsədilə 20 min reysi ləğv edib

Lufthansa yanacağa qənaət məqsədilə 20 min

Almaniyanın Lufthansa aviaşirkəti may–oktyabr ayları üçün planlaşdırılmış 20 min reysi yanacağa qənaət etmək məqsədilə ləğv edib. Bu barədə Financial Times aviaşirkətin açıqlamasına istinadən məlumat yayıb.

İxtisarlar əsasən Münhen və Frankfurt şəhərlərindən həyata keçirilən rentabelli olmayan marşrutları əhatə edəcək. Şirkətin hesablamalarına görə, bu addım təxminən 40 min ton aviasiya yanacağına qənaət etməyə imkan verəcək. Qeyd olunur ki, Hörmüz boğazının bağlanmasından sonra yanacağın qiyməti iki dəfə artıb. Yay mövsümü üçün dəqiq uçuş cədvəli aprelin sonu və ya mayın əvvəlində açıqlanacaq.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, regionda yanacaq ehtiyatları altı həftədən də az müddətə kifayət edir. Bu səbəbdən Avropa Komissiyası ABŞ-dan aviasiya yanacağı alınması və aviaşirkətləri dəstəkləmək üçün uçuş-enmə zolaqlarından istifadə qaydalarının yumşaldılması imkanlarını nəzərdən keçirir.

Daha əvvəl Almaniya kansleri Fridrix Mertz ölkədə yanacaqla bağlı vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasını toplamaq niyyətində olduğunu bildirmişdi. Onun sözlərinə görə, kerosin, dizel və benzinin tədarükü sabit qalsa da, ümumi vəziyyət gərgin olaraq qiymətləndirilir.

MONETAR.AZ