Bu həftə dünya maliyyə bazarlarının diqqəti Nvidia şirkətinin maliyyə nəticələrinə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) son iclasının protokoluna və bir sıra aparıcı iqtisadiyyatların statistik göstəricilərinə yönələcək. ABŞ-da pərakəndə satışlar və sənaye istehsalı, Böyük Britaniyada inflyasiya və əmək bazarı, Çində isə sənaye istehsalı və pərakəndə satışlar üzrə məlumatlar açıqlanacaq.
Monetar.az xəbər verir ki, noyabrın 17-də Nvidia-nın rüblük maliyyə nəticələri açıqlanacaq. Şirkətin hesabatı süni intellekt texnologiyalarına yatırılan investisiyaların vəziyyəti və yarımkeçirici sektorunun perspektivləri barədə mühüm siqnallar verə bilər.
Həftə ərzində Walmart, Home Depot, Palo Alto Networks, Walt Disney və Intuit kimi iri şirkətlərin də maliyyə hesabatları investorların diqqətində olacaq.
ABŞ-da pul siyasəti ilə bağlı əsas hadisə noyabrın 18-də FED-in son iclasının protokolunun dərc edilməsidir. İnvestorlar faiz dərəcələrinin gələcək istiqamətini müəyyənləşdirmək üçün mərkəzi bank rəsmilərinin açıqlamalarını da izləyəcəklər.
İqtisadi statistika baxımından ABŞ-da oktyabr ayı üzrə pərakəndə satışlar, sənaye istehsalı, mənzil tikintisi və tikinti icazələri ilə bağlı göstəricilər açıqlanacaq. Pərakəndə satışların sentyabrdakı 0,8%-lik artımdan sonra dəyişməz qalacağı, sənaye istehsalının isə 0,1% artacağı proqnozlaşdırılır.
Avropada həftənin əsas iqtisadi hadisələri Böyük Britaniyanın inflyasiya, işsizlik və pərakəndə satış göstəricilərinin açıqlanması olacaq. İngiltərə Bankının son qiymətləndirməsinə görə, ölkədə inflyasiyanın hazırkı 3,5%-dən 2027-ci ilin ortalarında təxminən 5%-ə yüksəlməsi mümkündür.
Almaniyada ZEW iqtisadi gözləntilər indeksi, Avrozonada isə istehlakçı inamı və sənaye istehsalı üzrə məlumatlar açıqlanacaq. Avrozonada sənaye istehsalının ardıcıl üç aylıq geriləmədən sonra yenidən artacağı gözlənilir.
İsveçrədə üçüncü rüb üzrə ÜDM göstəricisi, Almaniyada istehsalçı qiymətləri və İspaniyada xarici ticarət məlumatları da investorların diqqətində olacaq.
Asiya bazarlarında əsas diqqət Çinin oktyabr ayı üzrə sənaye istehsalı, pərakəndə satışlar, daşınmaz əmlak qiymətləri və işsizlik göstəricilərinə yönələcək. Bundan başqa, sabit aktivlərə investisiyalarla bağlı məlumatlar açıqlanacaq.
Çin Xalq Bankının birillik və beşillik kredit faizlərini müvafiq olaraq 3% və 3,5% səviyyəsində dəyişməz saxlayacağı gözlənilir. Həftə ərzində Tencent, Alibaba, Baidu və JD şirkətlərinin də maliyyə nəticələri açıqlanacaq.
Yaponiyada üçüncü rüb üzrə ÜDM göstəricisi açıqlanacaq. İqtisadi artımın ikinci rübdəki 0,4%-dən üçüncü rübdə 0,1%-ə qədər zəifləyəcəyi proqnozlaşdırılır. Ölkədə xarici ticarət və inflyasiya göstəriciləri də dərc olunacaq.
Hindistanda oktyabr inflyasiyasının sentyabrdakı 11,3%-dən 12,1%-ə yüksələcəyi gözlənilir. Avstraliyada isə Mərkəzi Bankın son iclasının protokolu, əməkhaqqı indeksi və məşğulluq statistikası açıqlanacaq.
Bundan başqa, Tailand və Malayziyada ÜDM göstəriciləri, Sinqapur, Malayziya və Yeni Zelandiyada xarici ticarət məlumatları dərc ediləcək.
Yaxın Şərqdə davam edən müharibə gələn həftə də enerji qiymətlərinə və qlobal borclanma xərclərinə təsir göstərən əsas amillərdən biri olacaq. Regiondan neft təklifinin artması ehtimalı ilə hərbi eskalasiya risklərinin davam etməsi bazarlarda qeyri-müəyyənliyi artırır.