Microsoftda nasazlıq: treyderlər telefon və faks aparatına qayıdıb

Microsoftda nasazlıq: treyderlər telefon və

Microsoft proqramlarında baş verən qlobal texniki nasazlıq dünyanın müxtəlif maliyyə mərkəzlərində treyderlərin gündəlik işinə ciddi maneələr yaradıb. Elektron poçt və rabitə xidmətlərinin fəaliyyətində yaranan problemlər səbəbindən bank və broker şirkətlərinin əməkdaşları əməliyyatlarını telefon, WhatsApp və hətta faks vasitəsilə aparmağa məcbur olublar.

Bloomberg agentliyinin məlumatına görə, bir sıra iri maliyyə institutlarında elektron poçt xidmətləri fasilələrlə işləyib. Barclays və Deutsche Bank əməkdaşları yaranmış çətinlikləri təsdiqləyiblər. Yaponiyanın ticarət şirkətləri bəzi əməliyyatları faks vasitəsilə həyata keçirməyə başlayıb, Sinqapurda isə ayrı-ayrı banklar maliyyələşdirmə sövdələşmələrini yekunlaşdıra bilməyiblər. Euronext və Nasdaq birja operatorları da elektron poçtla bağlı problemlərlə üzləşdiklərini bildiriblər. Bəzi şirkətlər press-relizlərini belə WhatsApp vasitəsilə göndərməli olublar.

Niderlandın ING Groep bankı müştərilərinə elektron poçt əvəzinə alternativ əlaqə vasitələrindən istifadə etməyi tövsiyə edib. Bank nümayəndəsi nasazlığın müştərilərə təsirini məhdud adlandırıb.

Malayziyada ezamiyyətdə olan UOB Kay Hian brokerinin özəl kapitalın idarə edilməsi üzrə direktoru Kennet Qo bildirib ki, texniki problem səbəbindən müştərilərinə məsləhət verərkən istifadə etdiyi bazar icmallarını vaxtında ala bilmir. O, müştərilərlə telefon vasitəsilə əlaqə saxlamağa çalışsa da, zənglərin tez-tez kəsildiyini qeyd edib. Qonun sözlərinə görə, nasazlıq 24 saatdan artıq davam edərsə, şirkətin fəaliyyəti daha ciddi çətinliklərlə üzləşə bilər.

İspaniyanın Renta 4 bankında da elektron poçtun sıradan çıxması narahatlıq yaradıb. Bankın derivativlər şöbəsinin rəhbəri Alvaro Errador bildirib ki, müştərilər adətən enerji derivativləri üzrə qiymət təkliflərini elektron poçtla sorğulayır və sifarişlərini bu kanal vasitəsilə göndərirlər. Buna görə də elektron poçtun işləməməsi ticarət prosesini çətinləşdirib. Onun sözlərinə görə, telefon və çat proqramları alternativ kimi istifadə olunsa da, bu üsullarla əvvəlki iş sürətini qorumaq mümkün deyil.

Tokiodakı BNP Paribas Asset Management şirkətinin istiqrazlar üzrə baş strateqi Ryutaro Kimura isə hesab edir ki, nasazlıq ticarət əməliyyatlarının özündən daha çox, onların təsdiqi və sonrakı icra mərhələlərinə təsir göstərib. Onun sözlərinə görə, sövdələşmələrin təsdiqləri yığılıb, arxa ofis bölmələrində hesablaşmalarla bağlı çətinliklər yaranıb. Bununla belə, treyderlər əməliyyatları telefon və faks vasitəsilə davam etdiriblər.

CMC Markets şirkətinin əməkdaşları da ənənəvi ünsiyyət vasitələrinə qayıtmalı olublar. CMC Markets Singapore şirkətinin satış-treyderi Yucen Ko bildirib ki, əməkdaşlar telefon danışıqlarından və WhatsApp qruplarından adi günlərlə müqayisədə daha intensiv istifadə ediblər. Onun sözlərinə görə, elektron poçtla saniyələr ərzində həll edilən məsələlər indi zəng etməyi və xəttə qoşulmaq üçün bir neçə dəqiqə gözləməyi tələb edir.

Nasazlıq maliyyə bazarlarından kənarda da şirkətlərin fəaliyyətinə təsir göstərib. Cartier brendinin sahibi olan İsveçrənin Richemont şirkəti maliyyə hesabatının dərcini qısa müddətə təxirə salmağa məcbur olub.

Blue Edge Advisors şirkətinin portfel meneceri Kelvin Yeo Outlook proqramının maliyyə əməliyyatları üçün əhəmiyyətini xüsusi vurğulayıb. Onun fikrincə, elektron poçt gündəlik iş prosesində çox vaxt diqqətdən kənarda qalsa da, fəaliyyətini dayandırdığı zaman yaratdığı problemlər olduqca ciddi olur.

Microsoft xidmətlərindəki problem noyabrın 12-də, cümə axşamı günorta saatlarında başlayıb. Nasazlıq Outlook, Teams və Copilot daxil olmaqla bir sıra xidmətlərin fəaliyyətinə təsir göstərib. Downdetector platformasının məlumatına görə, 70-dən çox ölkədə istifadəçilər texniki problemlərlə bağlı şikayətlərini bildiriblər.

Microsoft hadisənin dəqiq səbəbini açıqlamasa da, serverlərin bir hissəsində əsas prosesin həddindən artıq yükləndiyini və nəticədə həmin serverlərin sorğulara cavab verməyi dayandırdığını bildirib. Şirkət, eyni zamanda, zərərli fəaliyyət əlamətlərinin aşkar edilmədiyini qeyd edib.

Noyabrın 13-də, cümə günü səhər saatlarında Microsoft xidmətlərin əlçatanlığının yaxşılaşdığını açıqlayıb. Şirkətin məlumatına görə, elektron məktubların növbədə yığılması əhəmiyyətli dərəcədə azalıb və normal səviyyəyə yaxınlaşıb. Bununla belə, 20-dən çox məhsulun istifadəçilərinin hələ də müəyyən xətalarla qarşılaşa biləcəyi bildirilib.

Bloomberg qeyd edir ki, Microsoft sistemlərində əvvəlki texniki nasazlıqlar, adətən, bir neçə saatdan artıq davam etməyib. Bu dəfəki hadisə isə qlobal maliyyə sektorunun gündəlik əməliyyatlarında rəqəmsal kommunikasiya sistemlərindən asılılığın nə qədər yüksək olduğunu bir daha üzə çıxarıb.

MONETAR.AZ