Neft bazarında profisit qorxusu qiymətləri aşağı salır

Neft bazarında profisit qorxusu

Dünya bazarlarında neft qiymətləri təklif artıqlığı ehtimallarının güclənməsi fonunda həftənin ilk ticarət günündə eniş nümayiş etdirib. Yaxın Şərqdən Hörmüz boğazı vasitəsilə neft tədarükünün müharibədən əvvəlki səviyyələrə yaxınlaşması və Çində emal həcmlərinin azalması bazarda qiymətlərə təzyiq göstərən əsas amillər kimi çıxış edir.

Reuters xəbər verir ki, Brent markalı neftin fyuçersləri 0,33% ucuzlaşaraq bir barel üçün 95,52 dollara, WTI markalı neft isə 0,08% azalaraq 87,22 dollara düşüb. Ötən həftənin yekununda da hər iki etalon markanın qiymətində ciddi geriləmə qeydə alınıb: Brent 16%, WTI isə 13% dəyər itirib.

Beynəlxalq Enerji Agentliyinin (BEA) cümə günü açıqladığı proqnozlar bazarda təklif artıqlığı ilə bağlı narahatlıqları daha da gücləndirib. Agentlik dünya neft bazarının dördüncü rübdə profisitə qayıdacağını gözləyir. Proqnoza əsasən, gündəlik orta neft təklifi 105 milyon barelə çatacaq və bu göstərici gözlənilən tələbatı gündə 1,7 milyon barel üstələyəcək. Halbuki BEA daha əvvəl bazarda defisit yaranacağını proqnozlaşdırmışdı.

KCM Trade şirkətinin baş analitiki Tim Uoterer bildirib ki, ABŞ-İran münaqişəsi başlayandan bəri treyderlər ilk dəfə olaraq davam edən təklif çatışmazlığından daha çox bazarda profisit yaranması ehtimalını ciddi şəkildə nəzərdən keçirirlər. Onun sözlərinə görə, gözləntilərdəki bu dəyişiklik investor əhval-ruhiyyəsinə mənfi təsir göstərir.

Tələbatın zəifləməsinə dair əlavə siqnal Çindən gəlib. Oktyabr ayında ölkədə neft emalı həcmi sentyabrla müqayisədə 2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,1% azalıb. Bu göstərici dünyanın ən böyük neft idxalçılarından birində yanacağa tələbatın zəifləməsi ehtimalını artırır.

Goldman Sachs da orta müddətli perspektivdə bazarda təklif artıqlığı gözləyir. Bankın proqnozuna görə, 2027-ci ildə neft bazarında əhəmiyyətli profisit yarana bilər. Hətta tədarükdə mümkün fasilələr nəzərə alınsa belə, hasilatın tələbatı gündəlik 2 milyon barel üstələyəcəyi ehtimal olunur.

Bank gələn il Brent markalı neftin orta qiymətinin bir barel üçün 88 dollar olacağını proqnozlaşdırır. Risk mükafatının tədricən normallaşması fonunda qiymətin ilin sonuna doğru 78 dollara qədər geriləyə biləcəyi gözlənilir.

Bununla belə, Hörmüz boğazında təhlükəsizlik riskləri neft bazarında qeyri-müəyyənliyi qoruyur. İran Hərbi Dəniz Qüvvələri bazar ertəsinə keçən gecə boğazın şərqində dəniz minasına toxunaraq partlaması nəticəsində neft tankerində yanğın baş verdiyini açıqlayıb. Reuters hadisə ilə bağlı məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.

Tim Uotererin fikrincə, gəmiçilik sahəsində risklərin davam etməsi və yüksək fraxt tarifləri neft qiymətlərinin daha sürətli ucuzlaşmasının qarşısını alan amillər sırasındadır.

MONETAR.AZ