Qızılın dünya bazarında qiyməti həftənin ilk ticarət günündə də enişini davam etdirib. Bu gün Asiya sessiyasının əvvəlində qiymətli metalın bir unsiyasının dəyəri 3 900 dollar səviyyəsindən aşağı düşüb. Ötən həftə qeydə alınan kəskin ucuzlaşmanın davam etməsinə davamlı inflyasiya və ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərtləşən mövqeyi təsir göstərib.
İnflyasiya təzyiqlərinin davam etməsi və FED-in faiz dərəcələrini daha da artıra biləcəyi ilə bağlı gözləntilərin güclənməsi qızıl bazarında satış təzyiqini artırıb. Faizlərin yüksəlməsi gəlir gətirməyən aktiv kimi qızılın investorlar üçün cəlbediciliyini azaldır.
Bakı vaxtı ilə saat 05:38-ə olan məlumata görə, spot bazarda qızılın bir unsiyası 3 868,88 dollar təşkil edib. Bu, əvvəlki göstərici ilə müqayisədə 0,4% azalma deməkdir. Qızıl fyuçersləri isə 0,3% ucuzlaşaraq 3 871,92 dollara enib.
Digər qiymətli metallarda da mənfi dinamika müşahidə olunub. Gümüşün spot qiyməti 2,1% geriləyərək 47,7430 dollara, platinin qiyməti 1,3% azalaraq 1 473,49 dollara düşüb.
Palladium bazarında da eniş qeydə alınıb. Spot palladium 1,4% ucuzlaşaraq 985,81 dollar, bu metal üzrə fyuçerslər isə 1,6% azalaraq 984,25 dollar səviyyəsində qərarlaşıb.
Valyuta bazarında ABŞ dollarının mövqeyi nisbətən sabit qalıb. Dollar indeksi (DXY) 0,03% artaraq 103,44 bəndə yüksəlib.
MONETAR.AZ