ChatGPT sosial şəbəkələri qabaqladı

ChatGPT sosial şəbəkələri

Google və YouTube 2026-cı ilin sentyabrında dünyanın ən çox ziyarət edilən internet saytları arasında ilk iki yeri tutub. ChatGPT isə 8,23 milyard ziyarətlə dördüncü pilləyə yüksələrək Instagram, Reddit və TikTok-u geridə qoyub.

Monetar.az - ın Semrush məlumatları əsasında hazırladığı reytinqdə 40 internet saytı istifadəçi trafikinin həcminə görə sıralanıb. Göstəricilər 2026-cı ilin sentyabr ayında həm mobil cihazlardan, həm də kompüterlərdən edilən ziyarətləri əhatə edir. Təkrar ziyarətlər də ümumi saya daxil edilib.

Reytinqə 108,9 milyard ziyarətlə Google liderlik edib. YouTube 59,97 milyard ziyarətlə ikinci, Facebook isə 12,21 milyard ziyarətlə üçüncü yerdə qərarlaşıb. ChatGPT 8,23 milyard ziyarətlə dördüncü olub.

İlk onluqda, həmçinin Instagram (6,81 milyard), Reddit (4,82 milyard), WhatsApp (4,26 milyard), X (4,17 milyard), Wikipedia (3,8 milyard) və Pornhub (3,4 milyard) yer alıb.

TikTok 2,71 milyard ziyarətlə 11-ci, Bing 2,33 milyardla 12-ci, Amazon isə 2,32 milyardla 13-cü pillədə qərarlaşıb. Yahoo 2,3 milyard, Xvideos isə 2,27 milyard ziyarətlə ilk 15-liyi tamamlayıb.

Google və YouTube-un ümumi ziyarət sayı 168,9 milyard olub. Bu göstərici reytinqdəki digər 38 saytın birlikdə topladığı 91,3 milyard ziyarətdən təxminən 1,9 dəfə çoxdur.

Sosial şəbəkələr arasında Meta platformaları da böyük trafikə sahibdir. Facebook, Instagram və WhatsApp-ın ümumi aylıq ziyarət sayı 23,3 milyarda çatıb.

Süni intellekt platformaları arasında ChatGPT rəqiblərini xeyli qabaqlayıb. Reytinqdə 21-ci yerdə qərarlaşan Claude 1,6 milyard ziyarət toplayıb. Bu, ChatGPT-nin göstəricisinin təxminən beşdə birinə bərabərdir.