Amodei: Süni intellekt təhlükəsizliyi şirkətin gələcək inkişafında həlledici rol oynayacaq

Amodei: Süni intellekt təhlükəsizliyi şirkətin gələcək inkişafında

Anthropic şirkətinin baş direktoru Dario Amodei bildirib ki, istedadlı əməkdaşların cəlb edilməsi, güclü korporativ mədəniyyətin qorunması və süni intellektin (Sİ) təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi şirkətin uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir. Onun sözlərinə görə, getdikcə daha güclü Sİ modellərini təhlükəsiz şəkildə hazırlamaq bacarığı gələcək artımın əsas şərtlərindən biri olacaq.

JPMorgan Chase-in baş direktoru Ceymi Daymon qarşısında çıxış edən Amodei şirkətin biznes strategiyasını izah edib. O bildirib ki, Anthropic ilk növbədə ictimai rifaha töhfə vermək missiyasını bölüşən yüksək ixtisaslı texniki mütəxəssisləri komandaya cəlb etməyə, eyni zamanda etibarlılıq və təhlükəsizliyə üstünlük verən korporativ müştərilərlə əməkdaşlığa fokuslanır.

Amodeinin fikrincə, süni intellekt şirkətinin texnologiyalarının, məhsullarının və kommersiya uğurunun arxasında dayanan əsas amillər məhz insan resursları və korporativ mədəniyyətdir. 2020-ci ildə OpenAI-ın keçmiş əməkdaşları tərəfindən yaradılan Anthropic işə qəbul prosesində ciddi seçim meyarları tətbiq edir. Şirkət hətta texniki baxımdan yüksək bacarıqlara malik namizədləri belə, onların dəyərləri və iş prinsipləri korporativ mədəniyyətə uyğun gəlmədikdə işə götürməkdən imtina edir.

Baş direktor vaxtının təxminən 40-50%-ni istedadların idarə olunmasına və şirkət mədəniyyətinin inkişafına ayırdığını bildirib. O, Anthropic-in yeddi həmtəsisçisinin hamısının şirkətdə fəaliyyətini davam etdirməsini, eləcə də ilk 100 əməkdaşın dörddə üçündən çoxunun komandada qalmasını işçilərin yüksək sədaqətinin göstəricisi kimi qiymətləndirib.

Anthropic-in korporativ sektora yönəlməsi şirkətin süni intellekt təhlükəsizliyi ilə bağlı yanaşması ilə də əlaqəlidir. Amodei qeyd edib ki, xüsusilə tənzimlənən sahələrdə fəaliyyət göstərən şirkətlər Sİ sistemlərindən istifadə zamanı məxfi məlumatların qorunmasına, nüfuz risklərinin qarşısının alınmasına və texnologiyanın gözlənilməz davranış nümayiş etdirməməsinə əmin olmaq istəyirlər.

Onun sözlərinə görə, süni intellekt agentlərinin tətbiqində getdikcə əsas məhdudlaşdırıcı amil texnoloji imkanlar deyil, təhlükəsizlik məsələləri olur. Modellər proqram təminatının hazırlanması və tibbi-bioloji elmlər kimi mürəkkəb sahələrdə daha geniş tapşırıqları yerinə yetirmək qabiliyyəti qazandıqca, onların həssas sistemlərə çıxışına icazə verilməzdən əvvəl etibarlı mühafizə mexanizmləri yaradılmalıdır.

Amodei bu prosesi pilotsuz avtomobillərin hazırlanması ilə müqayisə edib. O vurğulayıb ki, süni intellekt sistemlərinin heç vaxt səhv etməyəcəyinə zəmanət vermək mümkün deyil. Bununla belə, lazımi təhlükəsizlik tədbirləri tətbiq olunduğu halda, belə sistemlər müəyyən tapşırıqları yerinə yetirərkən insanlardan dəfələrlə daha təhlükəsiz ola bilər.

Çıxış zamanı Anthropic-in genişlənməsi üçün tələb olunan infrastruktur və hesablama gücü məsələsinə də toxunulub. Amodei məlumat mərkəzlərinin və hesablama resurslarının uzun müddət əvvəlcədən planlaşdırılmasının zəruriliyini nəzərə alaraq, tələbatın proqnozlaşdırılmasını şirkətin qarşısında duran ən mürəkkəb biznes məsələlərindən biri adlandırıb.

O bildirib ki, Anthropic-in gəlirləri həm 2024-cü, həm də 2025-ci illərdə təxminən 10 dəfə artıb. Belə sürətli genişlənmə gələcək illərdə şirkətin nə qədər hesablama gücünə ehtiyac duyacağını müəyyənləşdirməyi çətinləşdirir.

Amodeinin sözlərinə görə, həddindən artıq böyük həcmdə resursların əvvəlcədən alınması şirkət üçün ciddi maliyyə yükü yarada bilər. Əksinə, hesablama gücünün az təmin edilməsi müştərilərə xidmət göstərmək və yeni nəsil modelləri öyrətmək imkanlarını məhdudlaşdıra bilər.

Bu qeyri-müəyyənliyi idarə etmək üçün Anthropic ilkin mərhələdə nisbətən mühafizəkar həcmdə hesablama resursları təmin edir, tələbat gözləntiləri üstələdikdə isə əlavə güclər əldə etmək məqsədilə spot bazara müraciət edir. Amodei yüksək ümumi mənfəət marjasının və əhəmiyyətli pul vəsaiti ehtiyatının bu strategiya üçün əlavə maliyyə təminatı yaratdığını qeyd edib.

Anthropic rəhbəri süni intellekt modellərinin qiymətlərinin aşağı düşməsinin bütövlükdə sektorun standartlaşmasına və məhsulların bir-birindən fərqlənməməsinə gətirib çıxaracağı fikri ilə də razılaşmayıb.

Onun fikrincə, çat-botlar kimi bəzi tətbiqlərin ucuzlaşması və standartlaşması mümkündür. Lakin qabaqcıl modellərin imkanlarının genişlənməsi tamamilə yeni məhsul və xidmət bazarlarının yaranmasına şərait yaradır.

Amodei nümunə kimi proqram təminatının hazırlanması sahəsini göstərib. Modellərin daha mürəkkəb proqramlaşdırma tapşırıqlarını yerinə yetirmək qabiliyyəti artdıqca, Anthropic də süni intellekt vasitəsilə kodlaşdırma istiqamətinə daha çox diqqət ayırıb.

Şirkət rəhbərinin qənaətinə görə, süni intellekt texnologiyalarının növbəti inkişaf mərhələsi hazırda mövcud olmayan və ya miqyası hələ tam təsəvvür edilməyən yeni bazarların formalaşmasına səbəb ola bilər.

MONETAR.AZ