Kütləvi e-poçt sızması istifadəçilərin bank məxfiliyinə təhlükə yaradır

Kütləvi e-poçt sızması istifadəçilərin bank məxfiliyinə

“Mobil Telekommunikasiyalar” internet portalının baş redaktoru, internet üzrə ekspert Leontiy Bukşteyn 6,8 milyard qeydi əhatə edən iri miqyaslı elektron poçt ünvanları sızmasını şərh edib. Böyük rəqəmə baxmayaraq, ekspert vurğulayıb ki, bütün istifadəçilər zərər çəkməyib, çünki bir çoxlarının bir neçə e-poçt hesabı var.

Onun fikrincə, əsas təhlükə oğurlanmış ünvanların sayı deyil, parolların zəif qorunması və şəxsi məlumatların sonradan sındırılması ehtimalıdır. Müasir texnologiyalar, o cümlədən süni intellekt böyük məlumat kütlələrini effektiv təhlil edə bilir ki, bu da cinayətkarlara parolları seçməyə və məxfi məlumatlara müdaxilə etməyə imkan yaradır.

“Məsələ sayda deyil. Məsələ ondadır ki, orada neçə parol ‘1234’ kimidir. Diqqət mərkəzi budur. Biz özümüz hər şeyi edirik və özümüzə qarşı işləyirik, çünki indi süni intellekt də bu işlərə qarışıb. Kim nədir, harada nə yazır, kimə yazır, hansı parolları var və s. kimi məlumatları müəyyənləşdirmək üçün material veririk”, deyə ekspert izah edib.

Bukşteyn xüsusilə bank sektorunda dələduzluq risklərinə diqqət çəkib. Çünki elektron poçtlar onlayn avtorizasiya və əməliyyatlarda geniş istifadə olunur. Onun sözlərinə görə, şəxsi hesabların hakerlərin əlinə keçməsi maliyyə məlumatlarının itirilməsinə və qanunsuz pul əməliyyatlarına gətirib çıxara bilər.

Mütəxəssis istifadəçiləri parol seçiminə məsuliyyətlə yanaşmağa və şəxsi məlumatlarını heç bir halda açıq mənbələrdə paylaşmamağa çağırıb.

MONETAR.AZ