G20 ölkələrində inflyasiya proqnozları: Argentina və Türkiyə liderdir

G20 ölkələrində inflyasiya proqnozları:

Beynəlxalq iqtisadi proqnozlara əsasən, G20 ölkələri arasında 2026-cı il üzrə inflyasiya göstəricilərində ciddi fərqlər olacaq.

BVF-in “World Economic Outlook” (2026 aprel yenilənməsi) məlumatlarına istinadən hazırlanan proqnoza görə, ən yüksək inflyasiya Argentina və Türkiyədə qeydə alınacaq. Argentinada illik orta inflyasiyanın 30,4 faiz, Türkiyədə isə 28,6 faiz səviyyəsində olacağı gözlənilir.

Bununla yanaşı, Rusiya 5,6 faizlə üçüncü yerdə qərarlaşıb. Hindistan, Braziliya, Avstraliya, Meksika və Cənubi Afrika kimi ölkələrdə inflyasiyanın 3,9–4,7 faiz intervalında olacağı proqnozlaşdırılır.

ABŞ və Böyük Britaniyada inflyasiya 3,2 faiz səviyyəsində qalacaq ki, bu da mərkəzi bankların hədəf göstəricisindən bir qədər yüksəkdir. Almaniya (2,7 faiz), İtaliya (2,6 faiz), Kanada (2,5 faiz), Cənubi Koreya (2,5 faiz), Yaponiya (2,2 faiz) və Fransa (1,8 faiz) nisbətən daha aşağı inflyasiya ilə seçilir.

Çin isə 1,2 faizlə G20 ölkələri arasında ən aşağı inflyasiya göstəricisinə malik olacaq. Lakin ekspertlər bu vəziyyəti daha çox zəif daxili tələbat və daşınmaz əmlak sektorundakı durğunluqla əlaqələndirirlər.

Qeyd edilir ki, Argentina və Türkiyədə inflyasiya hələ yüksək səviyyədə olsa da, əvvəlki illərlə müqayisədə azalma tendensiyası müşahidə olunur.

MONETAR.AZ