2025-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 128 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur. Ümumi ticarət dövriyyəsinin 48,9 milyard ABŞ dollarına çatması ilk baxışda müsbət dinamika təsiri bağışlayır. Lakin statistik göstəricilərin daha dərindən təhlili bir sıra struktur problemlərin və risklərin mövcudluğunu üzə çıxarır.
Nominal artım, real azalma
Rəsmi məlumatlara əsasən, 2025-ci ildə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb. Bununla belə, real ifadədə - yəni malların fiziki həcmində - 8,6 faiz azalma qeydə alınıb. Bu, o deməkdir ki, Azərbaycan dünya bazarlarına əvvəlki illə müqayisədə daha az məhsul çıxarıb və daha az mal idxal edib. Dövriyyənin dəyər ifadəsində artımı əsasən qlobal qiymətlərin yüksəlməsi ilə bağlıdır. Belə vəziyyət iqtisadi artımın daha çox qiymət amili hesabına formalaşdığını göstərir ki, bu da uzunmüddətli dövrdə dayanıqlı model hesab edilmir.
Ticarət balansında riskli hədd
2025-ci ildə ixracın həcmi 24,5 milyard dollar, idxalın həcmi isə 24,3 milyard dollar təşkil edib. Nəticədə xarici ticarət balansında cəmi 146,4 milyon dollar müsbət saldo formalaşıb. Əvvəlki illərlə müqayisədə bu, olduqca aşağı göstəricidir. Enerji daşıyıcılarının qiymətində mümkün azalma və ya ixrac həcmlərində hər hansı geriləmə balansın asanlıqla mənfi zonaya keçməsinə səbəb ola bilər. Bu isə ölkənin valyuta daxilolmalarına və makroiqtisadi sabitliyə birbaşa təsir göstərə bilər. Qeyri-neft-qaz sektorunda da ziddiyyətli dinamika müşahidə olunur. Qeyri-neft ixracı dəyər ifadəsində 8,1 faiz artsa da, real həcmdə 18,1 faiz azalıb. Bu göstərici yerli istehsalın fiziki həcminin azaldığını göstərir. Əgər dünya bazarlarında kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri enərsə, qeyri-neft sektorunun gəlirlərində daha ciddi azalma baş verə bilər.
İdxalın strukturunda dəyişiklik
2025-ci ildə idxal tərəfdaşları arasında Çin 19,6 faiz payla ilk sıradadır. Rusiya 15,3 faiz, Türkiyə isə 9,6 faiz paya malik olub. Bu dinamika Azərbaycanın texnologiya, avadanlıq və istehlak malları üzrə tədarük zəncirində Çinin rolunun artdığını göstərir. İdxalın coğrafiyasındakı bu dəyişiklik iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından müsbət qiymətləndirilsə də, daxili istehsalın inkişaf tempi ilə uzlaşdırılması vacibdir.
Ümumi ticarət dövriyyəsində İtaliya 24 faiz payla əsas tərəfdaş olaraq qalır. Bu ölkə əsasən Azərbaycan neftinin ən böyük alıcısıdır. Türkiyənin payı 11,6 faiz, Rusiyanın 10 faiz, Çinin isə 9,9 faiz təşkil edir. İtaliyanın yüksək payı ixracın hələ də böyük ölçüdə enerji sektorundan və konkret bazardan asılı olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, 2025-ci ilin göstəriciləri iqtisadiyyatın nominal gəlirlər baxımından sabitliyini qoruduğunu göstərsə də real sektorun zəifləməsi diqqət mərkəzində saxlanılmalıdır. Fiziki ixrac və idxal həcmlərinin azalması istehsal, logistika və daxili tələbat sahələrində dinamikanın zəiflədiyinə işarə edir. Bu baxımdan, ixracın diversifikasiyası, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması və daxili istehsalın genişləndirilməsi əsas prioritetlər olaraq qalır.
Ümumilikdə, 2025-ci ilin xarici ticarət statistikası göstərir ki, Azərbaycan hələ də enerji gəlirlərinin yaratdığı maliyyə imkanlarından faydalanır. Lakin uzunmüddətli iqtisadi dayanıqlılıq üçün real istehsal və ixrac həcmlərinin artırılması həlledici əhəmiyyət daşıyır.
MONETAR.AZ