Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildiyi zaman həmin istiqamətdə alternativlərin sayı məhdud idi. Hazırda isə yeni yaradılmış 500 və uzadılmış 503 nömrəli avtobuslar iki şəhər arasında əsas tələbatı qarşılayır və bu xətlər üzrə tarif dəyişməz qalaraq 80 qəpik səviyyəsində saxlanılır.
Məlumata görə, Bakı-Sumqayıt istiqamətində ekspres marşrutlarda hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur. Qeyd edək ki, ekspres marşrutlarda gedişhaqqı hər zaman müntəzəm marşrutlardan yüksək təyin edilir.
Eyni zamanda, 594 və 595 nömrəli ekspres marşrutlarda “Neoplan” markalı müasir avtobuslar fəaliyyət göstərir.
MONETAR.AZ