Yeni rüsumlar avtomobil bazarını silkələdi: 20 minlik maşınlar 25 min oldu

Yeni rüsumlar avtomobil bazarını silkələdi:

Yeni ilin ilk ayının ortaları olmasına baxmayaraq paytaxtın əsas avtomobil bazarlarında (Badamdar və Sumqayıt maşın bazarları) həftəsonu aktivlik müşahidə edilir. Lakin bu aktivlik heç də həmişə alqı-satqı əməliyyatlarının sayının artması ilə nəticələnmir. Əsas səbəb 2026-cı il yanvarın 1-dən qüvvəyə minən yeni aksiz dərəcələri və gömrük rüsumlarındakı dəyişikliklərin bazara birbaşa təsiridir.

Bazardakı müşahidələrimiz göstərir ki, hazırda ən çox tələbat olan 30 000 manatadək qiymət seqmentində ciddi bahalaşma var. Satıcıların sözlərinə görə idxal xərclərinin artması daxili bazarda da qiymətlərin yuxarıya doğru korreksiya olunmasına səbəb olub. Əvvəllər 20-22 min manata təklif olunan avtomobillər hazırda 24-25 min manata alıcı axtarır.

Bahalaşmanın hüquqi tərəfi Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bağlıdır. Xüsusilə buraxılış ili 7 ildən çox olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi iqtisadi baxımdan çətinləşib.

Reportaj zamanı diqqət çəkən əsas məqamlardan biri də alıcıların seçim meyarlarının dəyişməsidir. Satıcı Vaqif Ağaverdiyerv deyir ki, son illər bazarı bürüyən yeni Çin avtomobilləri ilə bağlı yaşanan servis, ehtiyat hissəsi və ikinci əl satışındakı çətinliklər alıcıları yenidən "sınaqdan çıxmış" markalara yönəldib: " Camaat artıq başa düşür ki, parıldayan təzə maşın almaq hər şey deyil. Çin maşınlarının detalını tapmaq problemdir, ustası azdır. Ona görə də indi hamı yenidən işlənmiş 'Kia Rio', 'Hyundai Accent' və ya köhnə model 'Toyota'lara qaçır. Bu da daxili bazarda ikinci əl maşınların qiymətini süni şəkildə artırır."

Alıcılar isə mövcud qiymətlərin ciblərinə uyğun olmadığını bildirirlər. Bir neçə aydır maşın axtaran paytaxt sakini Elvin Quliyev qeyd edir ki, büdcəsi 25 min manat olsa da, bu məbləğə normal texniki vəziyyətdə maşın tapmaq müşkülə çevrilib: "Dekabrda baxdığım maşın indi 2000 manat baha deyilir. Gömrük baha, vergi baha, satıcı da deyir ki, mən də baha satmalıyam".

Nəqliyyat ekspertləri bildirirlər ki, hökumətin bu addımı ölkənin avtomobil parkının gəncləşdirilməsi və ekoloji təmiz nəqliyyatın stimullaşdırılması məqsədi daşısa da, keçid dövründə bazarda qiymət dalğalanması qaçılmazdır. Xüsusilə dizel mühərrikli köhnə avtomobillərin idxalının bahalaşması yaxın aylarda bu seqmentdə təklifin azalmasına gətirib çıxaracaq.

MONETAR.AZ