İndiyədək yalnız 5 ölkə kosmik aparatı Ay səthinə uğurla endirməyə nail olub.
Ay missiyası həyata keçirmək dünyanın ən mürəkkəb elmi-texniki layihələrindən biri hesab olunur. Bunun üçün yüksək dəqiqlikli naviqasiya sistemləri, güclü mühərrik texnologiyaları və uzunmüddətli hazırlıq tələb edilir.
Ay səthinə ilk uğurlu enişi 1966-cı ildə Sovet İttifaqı həyata keçirib. Həmin il fevralın 3-də “Luna-9” kosmik aparatı Ay səthinə enərək oradan ilk görüntüləri Yerə göndərib.
Elə həmin ilin iyun ayında ABŞ “Surveyor-1” missiyası ilə Ayda uğurlu eniş həyata keçirib. Daha sonra ABŞ “Apollo” proqramı çərçivəsində insanlı Ay missiyalarına başlayıb. 1969-1972-ci illər ərzində amerikalı astronavtlar altı dəfə Ay səthinə eniblər. Hazırda ABŞ insanları Aya endirən yeganə ölkədir.
Çin 2013-cü ildə “Chang'e-3” missiyası ilə Ay səthinə uğurlu eniş edən üçüncü ölkə olub. Çin sonrakı missiyaları ilə də Ay tədqiqatlarında mühüm nailiyyətlər əldə edib. Ölkənin “Chang'e-4” missiyası Ayın Yerə görünməyən tərəfinə ilk uğurlu eniş kimi tarixə düşüb.
Hindistan 2023-cü ildə “Chandrayaan-3” missiyası ilə Ay enişini həyata keçirib. Bu missiya ilə Hindistan Ayın cənub qütbünə yaxın əraziyə enən ilk ölkə olub.
Yaponiya isə 2024-cü ilin yanvarında “SLIM” aparatı ilə Ay səthinə uğurlu eniş edərək bu siyahıya daxil olub. Yaponiya missiyası yüksək dəqiqlikli eniş texnologiyası ilə seçilib.
Beləliklə, hazırda Ay səthinə uğurlu yumşaq eniş edən ölkələr sırasında Sovet İttifaqı, ABŞ, Çin, Hindistan və Yaponiya yer alır.
Mütəxəssislərin fikrincə, yaxın illərdə Ay tədqiqatlarında yeni mərhələ başlayacaq. Bir sıra ölkələr və özəl şirkətlər elmi araşdırmalar, Ay resurslarının öyrənilməsi və gələcək insanlı missiyalar üçün yeni layihələr üzərində çalışırlar.
MONETAR.AZ