"Chrome"da parollara avtomatik girişdən əvvəl barmaq izi tələb ediləcək

"Chrome"da parollara avtomatik girişdən əvvəl

“Google” “Chrome” brauzerində yadda saxlanılmış parolların avtomatik daxil edilməsini daha təhlükəsiz etmək üçün yeni funksiyanı sınaqdan keçirir.

“Android Central”ın məlumatına görə, yenilik “Chrome Canary” brauzerinin son sınaq versiyasında aşkarlanıb. Funksiya “Biometric reauth for password filling” – parolun doldurulmasından əvvəl təkrar biometrik doğrulama adlandırılıb.

Yeni imkan aktivləşdirilərsə, smartfonun kilidini əvvəlcədən açmaq yadda saxlanılmış parolun avtomatik daxil edilməsi üçün kifayət etməyəcək. İstifadəçi yadda saxlanılmış hesabı seçdikdə “Chrome” əvvəlcə barmaq izi, üz tanıma və ya cihaz tərəfindən dəstəklənən digər biometrik üsulla şəxsiyyətin təsdiqlənməsini tələb edəcək. Yalnız yoxlama uğurla başa çatdıqdan sonra parol avtomatik şəkildə daxil ediləcək.

Bu yanaşma xüsusilə cihaz başqasının əlinə keçdikdə yadda saxlanılmış hesab məlumatlarının icazəsiz istifadəsi riskini azaltmağa yönəlib.

Qeyd edək ki, “Google” analoji funksiyanı bir ildən çox əvvəl də sınaqdan keçirmişdi. Lakin həmin yenilik “Chrome”un stabil versiyasına əlavə edilməmişdi.

Bu səbəbdən yeni funksiyanın hazırkı sınaqlardan sonra bütün istifadəçilər üçün əlçatan olub-olmayacağı hələlik məlum deyil.

MONETAR.AZ