“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində dövlət satınalma müqavilələri üzrə icra təminatlarının elektron formada təqdim edilməsi funksiyası istifadəyə verilib.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Mərkəzi Bankla birgə həyata keçirdiyi tədbirlər çərçivəsində yaradılan yeni funksionallıq Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə məlumat mübadiləsinə və bankların təqdim etdiyi icra təminatlarının elektron qaydada əldə edilməsinə imkan verir.
Hazırda bir sıra kommersiya banklarının sistemə inteqrasiyası təmin olunub və həmin banklar tərəfindən verilən icra təminatları praktik olaraq elektron formada təqdim edilir.
Digər bankların da inteqrasiya prosesinə mərhələli şəkildə qoşulması ilə icra təminatlarının elektronlaşdırılmasının daha geniş tətbiqi, təchizatçıların bank seçimi imkanlarının artırılması və dövlət satınalmalarında “e-müqavilə” üzrə tam rəqəmsal xidmət zəncirinin formalaşdırılması nəzərdə tutulur.
Yeni funksionallığın tətbiqi icra təminatlarının kağız formada təqdim edilməsinə ehtiyacı azaldır, məlumatların elektron qaydada yoxlanılmasına imkan yaradır, prosesləri sürətləndirir və satınalma iştirakçılarının inzibati yükünü aşağı salır.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinə əsasən, qalib təchizatçı satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalamaqla yanaşı, qanunvericiliklə tələb olunan hallarda icra təminatını da satınalan təşkilata təqdim etməlidir.
Yeni funksionallıq bu tələbin elektron formada həyata keçirilməsinə imkan verməklə yanaşı, dövlət satınalmaları sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və “e-müqavilə” altsistemində müqavilələrin elektronlaşdırılması prosesinin davamı kimi qiymətləndirilir.