OpenAI şirkətinin rəhbəri Sam Altman süni intellektin yaratdığı faydalar müqabilində müəyyən risklərin qəbul edilməsinin vacib olduğunu bildirib. O, süni intellektin tənzimlənməsi məsələsində OpenAI ilə Anthropic arasında ciddi yanaşma fərqinin olduğunu deyib.
Monetar.az xəbər verir ki, Altman insanların süni intellektdən daha çox fayda əldə etməsi üçün bəzi mənfi nəticələrin baş verməsinin qəbul edilməli olduğunu bildirib.
Onun sözlərinə görə, süni intellektdən sui-istifadə, fırıldaqçılıq və kibertəhlükələr kimi risklərin tamamilə aradan qaldırılmasını hədəfləyən yanaşmanı dəstəkləmir.
Altman hesab edir ki, süni intellekt insanların həyatında mənfi nəticələrdən dəfələrlə çox faydalı işlərin görülməsinə imkan verəcək.
Bununla yanaşı, OpenAI rəhbəri texnologiya üzərində nəzarətin tamamilə itirilməsi kimi ciddi və fəlakətli risklərin qəbul edilə bilməyəcəyini vurğulayıb.
Anthropic isə öz növbəsində bildirib ki, şirkətin süni intellektin tənzimlənməsi ilə bağlı təklifləri yalnız qabaqcıl süni intellekt modellərinə şamil olunur.