2022–2025-ci illərdə dünyada 16 822 hərbi dron ixrac edilib. Bu ticarətin böyük hissəsi ABŞ və İranın payına düşüb.
Monetar.az xəbər verir ki, SIPRI məlumatlarına əsasən, ABŞ 7 593 hərbi dron ixrac etməklə dünya üzrə ilk sırada qərarlaşıb. Bu, qlobal ixracın 45,1%-ni təşkil edib. İran 6 800 dronla ikinci olub və dünya ixracının 40,4%-ni təmin edib.
Beləliklə, iki ölkə birlikdə 14 393 hərbi dron ixrac edib. Bu da qlobal həcmin 85,5%-nə bərabərdir.
Reytinqdə üçüncü yeri 1 000 dronla Almaniya tutub. Polşa 690 dronla dördüncü, Türkiyə isə 381 dronla beşinci olub. İsrail 205, Çin 64, Çexiya 32, Belarus və Böyük Britaniya isə 20 dron ixrac edib.
Türkiyə ixrac etdiyi dronların sayına görə beşinci olsa da, alıcı ölkələrin sayına görə liderdir. 2022–2025-ci illərdə Türkiyə 28 ölkəyə hərbi dron tədarük edib. Bu, ABŞ və Çinin hərəsinin 10 ölkəlik göstəricisindən təxminən 3 dəfə çoxdur.
Türkiyənin ixrac etdiyi dronların təxminən 75%-ni dəfələrlə istifadə edilə bilən daha iri pilotsuz uçuş aparatları təşkil edib. Ölkə 2022–2025-ci illərdə dünyada ixrac olunan 486 iri hərbi dronun 281-ni tədarük edib.
ABŞ-ın hərbi dron ixracı 2024-cü ildə 3 219 ədədə çatdıqdan sonra 2025-ci ildə 402 ədədə düşüb. İran isə 2023-cü ildən etibarən hər il təxminən 2 000 dron ixrac edib və 2025-ci ildə 2 002 ədəd göstərici ilə ABŞ-ı geridə qoyub.
2025-ci ildə İranın ixrac etdiyi dronların böyük hissəsi Rusiyaya, ABŞ-ın tədarükünün əsas hissəsi isə Tayvan (Çin) və Ukraynaya yönəlib.
Qeyd edək ki, SIPRI hesablamalarında çəkisi ən azı 150 kiloqram olan dronlarla yanaşı, birdəfəlik hücum dronları və “loitering munition” tipli sistemlər də nəzərə alınır. Kiçik FPV və kommersiya dronları isə əsasən statistikaya daxil edilmir.