Adambaşına ÜDM-in ən yüksək olduğu şəhərlər

Adambaşına ÜDM-in ən

Dünyada adambaşına düşən ÜDM-in ən yüksək olduğu şəhər ABŞ-ın San-Xose şəhəridir. 2025-ci ilin göstəricilərinə görə şəhərdə adambaşına ÜDM 238,7 min dollar təşkil edib.

Monetar.az xəbər verir ki, Oxford Economics-in 2026-cı il Qlobal Şəhərlər İndeksinin məlumatları əsasında hazırlanan reytinqdə ABŞ şəhərləri üstünlük təşkil edib. İlk 40 şəhərin 27-si ABŞ-ın payına düşüb.

San-Xose adambaşına ÜDM göstəricisinə görə ikinci yerdə olan San-Fransiskonu əhəmiyyətli fərqlə qabaqlayıb. San-Fransiskoda bu göstərici 181 889 dollar olub.

İlk üçlükdə İrlandiyanın paytaxtı Dublin də yer alıb. Burada adambaşına ÜDM 159 732 dollar təşkil edib. İsveçrənin Bazel şəhəri 156 312 dollarla dördüncü, ABŞ-ın Sietl şəhəri isə 152 030 dollarla beşinci olub.

Lüksemburq şəhəri 147 396 dollarla altıncı, Cenevrə 144 436 dollarla yeddinci, Boston 135 264 dollarla səkkizinci, Sürix 131 457 dollarla doqquzuncu, Nyu-York isə 129 253 dollarla 10-cu sırada qərarlaşıb.

İlk 20-likdə ABŞ-ın digər şəhərləri də üstünlük təşkil edir. Salt Leyk-Siti 126 575 dollar, Durham 121 525 dollar, Vaşinqton 120 638 dollar, Bridcport 119 539 dollar, Hartford 114 541 dollar, Denver 111 852 dollar, Des Moines 111 644 dollar, Los-Anceles 110 393 dollar, Ostin 109 458 dollar və Neşvill 108 609 dollar göstəriciyə malikdir.

ABŞ şəhərlərinin reytinqdə üstünlüyü ölkə iqtisadiyyatının ümumi miqyası ilə də əlaqələndirilir. ABŞ 2025-ci ildə təxminən 30,6 trilyon dollar nominal ÜDM istehsal edib. Kaliforniyanın iqtisadiyyatı isə təxminən 4,3 trilyon dollar təşkil edib.

Avropada ən yüksək göstəricilər Dublin, Bazel, Lüksemburq, Cenevrə və Sürix şəhərlərində qeydə alınıb. İsveçrənin Bazel, Cenevrə, Sürix, Bern və Lozanna şəhərləri ilk 40-lıqda yer alıb.

Şimali Amerika və Avropadan kənarda isə reytinqə az sayda şəhər daxil olub. Sinqapur 99 354 dollarla 36-cı, Səudiyyə Ərəbistanının Dammam şəhəri 97 074 dollarla 39-cu, Avstraliyanın Pert şəhəri isə 96 958 dollarla 40-cı olub.