Almaniyanın maşınqayırma sektorunda sifarişlərin həcmi avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5 faiz azalıb.
Bu barədə Almaniyanın Maşınqayırma Sənayesi Assosiasiyası (VDMA) məlumat yayıb. Sifarişlərin azalması həm daxili, həm də xarici bazarlarda tələbatın zəifləməsi ilə əlaqələndirilir.
VDMA-nın məlumatına görə, avqust ayında iri sənaye qurğularına dair heç bir sifariş qeydə alınmayıb. Halbuki ötən ilin eyni ayında bu kateqoriyada bir neçə sifariş mövcud olub. Daxili sifarişlər 2 faiz, xarici sifarişlər isə 6 faiz azalıb.
Avrozona ölkələrindən daxil olan sifarişlər 10 faiz geriləyib. Avrozona xaricindən olan bazarlarda isə azalma 5 faiz təşkil edib.
VDMA-nın baş iqtisadçısı Yohannes Gernandt bildirib ki, avqustdakı geriləmə iki aylıq artımdan sonra baş verib və son göstəricilər sektorda geriyə dönüşə işarə edir.
Bununla belə, daha az dəyişkən hesab olunan üçaylıq göstəricilər nisbətən müsbət mənzərə yaradır. Avqust da daxil olmaqla üç aylıq dövrdə maşınqayırma məhsullarına sifarişlər real ifadədə illik müqayisədə 7 faiz artıb. Bu müddətdə daxili sifarişlər 1 faiz azalsa da, xarici sifarişlər 11 faiz yüksəlib.
Avrozona xaricindən gələn sifarişlər 19 faiz artaraq avrozona ölkələrindən daxil olan sifarişlərdəki 9 faizlik azalmanı kompensasiya edib.
2026-cı ilin ilk səkkiz ayında isə Almaniyanın maşınqayırma sektorunda sifarişlər illik müqayisədə 4 faiz artıb. VDMA bu artımda aşağı müqayisə bazasının, eləcə də mart və iyun aylarında qeydə alınan qeyri-adi dərəcədə iri sifarişlərin rol oynadığını vurğulayıb.
Assosiasiyanın fikrincə, investisiyaların dayanıqlı bərpasına dair əlamətlər hələ də zəifdir. Xüsusilə daxili tələbatın aşağı səviyyədə qalması narahatlıq doğurur.
Yohannes Gernandt daxili sifarişlərin davamlı azalmasının Almaniya iqtisadiyyatının üzləşdiyi təzyiqi bir daha göstərdiyini bildirib.
MONETAR.AZ