Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin smeta və qiymətləndirmə sistemində dəyişiklik edilib. Nazirlər Kabineti 2021-ci ildə qəbul edilmiş qərarın 2.11-ci bəndini ləğv edib.
Monetar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sentyabrın 25-də 313 nömrəli qərar imzalayıb.
Söhbət dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sistemindən gedir. Bu sistem 2021-ci ildən etibarən dövlət hesabına tikintidə yeni qiymətləndirmə yanaşmasının əsasını təşkil edir. Həmin qərarla 2021-ci il oktyabrın 1-dən dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsində yeni smeta-normativ və qiymətqoyma sistemi və onun əsasında resurs metodu tətbiq edilməli idi.
Yeni sistemin əsas xüsusiyyətlərindən biri tikinti xərclərinin daha çox cari resurs qiymətləri əsasında hesablanmasıdır. 2021-ci il qərarında Fövqəladə Hallar Nazirliyinə tikinti resurslarının cari qiymətlərini monitorinq etmək və qiymətlərdə dəyişiklik olduqda onların smeta qiymətlərini yenidən hesablamaq tapşırılmışdı.
Bu mexanizm dövlət büdcəsindən maliyyələşən tikinti layihələrinin ehtimal olunan və yekun dəyərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Çünki smeta qiymətləri layihələrin maliyyələşdirilməsində, tenderlərdə və sifarişçi ilə podratçı arasındakı hesablaşmalarda istifadə olunur. 2021-ci ildə təsdiqlənmiş qaydalarda hətta tikintidə üstəlik xərclər, smeta gəliri, müəllif nəzarəti və digər xərclər üzrə normativlər də müəyyənləşdirilib.