Süni intellekt texnologiyalarının sürətli inkişafı dünya üzrə məlumat mərkəzlərinin (data center) elektrik enerjisi istehlakını əhəmiyyətli dərəcədə artırır. S&P Global Energy-nin məlumatlarına əsaslanan hesablamalara görə, qlobal məlumat mərkəzlərinin elektrik istehlakı 2020-ci ildə 400 teravat-saatdan bir qədər çox olduğu halda, 2025-ci ildə təxminən 800 teravat-saata çataraq iki dəfəyə yaxın artıb.
Bu göstərici dünyanın üçüncü ən böyük iqtisadiyyatlarından biri olan Almaniyanın illik elektrik enerjisi istehlakını üstələyir.
Ən böyük elektrik enerjisi istehlakçısı ABŞ olaraq qalır. Ölkədə məlumat mərkəzlərinin elektrik tələbatı 2025-ci ildə 300 teravat-saatı ötüb. Çin bu göstəriciyə görə ikinci yerdə qərarlaşıb və son illərdə burada da sürətli artım müşahidə olunur. Avropa və digər regionlarda da enerji tələbatı yüksəlsə də, artım ABŞ və Çinlə müqayisədə daha aşağı səviyyədədir.
Mütəxəssislər bildirirlər ki, süni intellekt və bulud xidmətlərinə artan tələbat hesablama gücünə ehtiyacı artırmaqla yanaşı, məlumat mərkəzlərinin ətraf mühitə təsirini də gücləndirir. Bu səbəbdən sektorun enerji təminatında etibarlı və bərpa olunan enerji mənbələrinin, eləcə də enerji saxlama sistemlərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Proqnozlara görə, 2030-cu ilədək məlumat mərkəzlərinin qlobal elektrik enerjisi istehlakı yenidən iki dəfə artaraq 1 500 teravat-saatı ötəcək. Bu həcm ABŞ-da 2025-ci ildə yaşayış sektorunun ümumi elektrik enerjisi istehlakına bərabər qiymətləndirilir.
MONETAR.AZ