Generativ süni intellekt tətbiqlərinə qlobal istehlakçı xərcləri 2026-cı ilin ilk rübündə 1,88 milyard dollara çatıb. Bu, 2022-ci ilin eyni dövründəki 9,8 milyon dollarla müqayisədə təxminən 192 dəfə çoxdur. Gəlirlərin ən böyük hissəsi Şimali Amerikanın payına düşüb.
Monetar.az xəbər verir ki, Sensor Touer məlumatları əsasında hazırlanan təhlildə generativ süni intellekt tətbiqlərinə xərclərin 2022-ci ilin birinci rübündən 2026-cı ilin birinci rübünədək dəyişimi araşdırılıb.
2026-cı ilin ilk üç ayında Şimali Amerikada bu tətbiqlərə 730 milyon dollar xərclənib. Avropada göstərici 521 milyon dollar, Asiyada 330 milyon dollar, Latın Amerikasında 143 milyon dollar təşkil edib. Yaxın Şərqdə xərclər 88,4 milyon dollara, Okeaniyada 49,7 milyon dollara, Afrikada isə 16,9 milyon dollara çatıb.
Beləliklə, qlobal xərclərin 38,9%-i Şimali Amerikanın, 27,7%-i Avropanın, 17,6%-i isə Asiyanın payına düşüb.
Avropanın və Asiyanın bazar payı yüksəlib
Son dörd ildə süni intellekt tətbiqlərinə xərclərin coğrafi bölgüsü də dəyişib. 2022-ci ilin ilk rübündə Şimali Amerikanın qlobal bazardakı payı 67% olduğu halda, 2026-cı ilin eyni dövründə 38,9%-ə enib.
Əksinə, Avropanın payı 16,5%-dən 27,7%-ə, Asiyanın payı isə 9,8%-dən 17,6%-ə yüksəlib. Latın Amerikasında göstərici 1,8%-dən 7,6%-ə, Yaxın Şərqdə isə 1,2%-dən 4,7%-ə çatıb.
Bu dəyişiklik süni intellekt tətbiqlərinə ödənişli tələbatın Şimali Amerikadan kənarda da genişləndiyini göstərir.
İstifadəçilər süni intellektə daha çox vaxt ayırır
Araşdırmaya əsasən, 2026-cı ilin ilk yarısında dünyada generativ süni intellekt tətbiqlərində keçirilən vaxt 36 milyard saata çatıb. Bu, dünya əhalisinin hər bir nəfərinə orta hesabla dörd saatdan çox vaxt düşməsi deməkdir.
ChatGPT istifadəçilərinin aylıq istifadə tezliyi də artıb. 2026-cı ilin aprelində istifadəçilər platformaya orta hesabla ayda 13,5 gün daxil olublar. Müqayisə üçün, Reddit üzrə bu göstərici 12,6 gün, Threads üzrə isə 10,2 gün olub.
Qeyd edək ki, xərclər üzrə hesablamalara tətbiqlərin ödənişli yüklənməsi, tətbiqdaxili alışlar və abunəliklər daxildir. Reklam gəlirləri və üçüncü tərəflər vasitəsilə edilən ödənişlər isə bu rəqəmlərə daxil edilməyib.