1175 manatlıq orta maaş: Əmək bazarında kim nə qədər qazanır?

1175 manatlıq orta maaş:

Azərbaycanda 2026-cı ilin ilk yarısı üzrə orta aylıq əməkhaqqının 1175 manat olub. Açıqlanan statistik göstəricilərə əsasən iqtisadiyyatın 19 əsas fəaliyyət sahəsindən 10-da orta əməkhaqqı ölkə üzrə orta göstəricidən aşağıdır. Bunun əsas səbəbi yüksək əməkhaqqı ödənilən, lakin ümumi məşğulluqda payı nisbətən az olan sahələrin ümumi ortalamanı yüksəltməsidir.

Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə orta aylıq əməkhaqqı 4405,7 manat təşkil edir. İkinci yerdə isə 3185,9 manatla maliyyə və sığorta fəaliyyəti gəlir. Bununla belə, xüsusilə maliyyə sektorunda çalışanların sayı ümumi məşğul əhalinin cəmi 2,4 faizini təşkil edir.

Əmək bazarında diqqət çəkən əsas paradokslardan biri məşğulluğun ən yüksək olduğu sahələrin eyni zamanda ən aşağı əməkhaqqı verilən sektorlar olmasıdır.  Muzdla çalışanların 18,6 faizi, yəni təxminən 333,1 min nəfər ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində fəaliyyət göstərir. Bu sektorda orta aylıq əməkhaqqı cəmi 763,4 manatdır ki, bu da ölkə üzrə orta göstəricidən təxminən 35 faiz aşağıdır.

Təhsil sahəsində isə muzdlu işçilərin 18,1 faizi, yəni 324,1 min nəfər çalışır. Bu sektorda orta əməkhaqqı 825,4 manat təşkil edir. Ən aşağı əməkhaqqı verilən sahələrdən biri də kənd təsərrüfatıdır. Ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayan bu sektorda orta aylıq əməkhaqqı 749,7 manatdır.

Bu statistika göstərir ki, ölkədə muzdla çalışan hər on nəfərdən təxminən dördü ticarət və təhsil sektorlarında fəaliyyət göstərir və aylıq gəlirləri 760-825 manat arasında dəyişir. 

Ölkədə muzdla çalışan 1 milyon 790,6 min nəfərin 859,9 mini və ya 48 faizi dövlət sektorunda, 930,7 mini və ya 52 faizi isə qeyri-dövlət sektorunda çalışır. Özəl sektorun məşğulluqda payı artıq 50 faizi keçsə də, dövlət əmək bazarında hələ də əsas iştirakçılardan biri olaraq qalır. Təhsil, səhiyyə və dövlət idarəetməsi kimi sahələr əsasən dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu sahələrdə orta əməkhaqqının nisbətən aşağı qalması büdcə yükünün yüksək olduğunu və maliyyələşdirmə imkanlarının məhdudluğunu göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, qeyri-neft özəl sektorunda, xüsusilə ticarət və xidmət sahələrində aşağı rəsmi əməkhaqqı göstəriciləri qeyri-rəsmi məşğulluq və əməkhaqqının bir hissəsinin rəsmi uçotdan kənarda ödənilməsi ilə bağlı müzakirələri də gündəmdə saxlayır.

2026-cı ilin ilk yarısına dair göstəricilər Azərbaycanın əmək bazarında fərqli gəlir səviyyələrinə malik iki əsas qrupun formalaşdığını göstərir. Bir tərəfdə mədənçıxarma, maliyyə və informasiya-kommunikasiya texnologiyaları kimi yüksək texnologiyalı və resurs yönümlü sahələr yer alır. Bu sektorlarda orta aylıq əməkhaqqı 2-4,4 min manat arasında dəyişir. Digər tərəfdə isə ticarət, təhsil, səhiyyə və kənd təsərrüfatı kimi kütləvi məşğulluğu təmin edən sahələr dayanır. Bu sektorlarda çalışanların böyük hissəsi aylıq 750–950 manat aralığında əməkhaqqı alır.

MONETAR.AZ

.