23 minədək vətəndaş məmur qapısını döymədən pensiya alıb

23 minədək vətəndaş məmur qapısını döymədən

Azərbaycanda proaktiv qaydada pensiya təyin olunanların sayı 22 min 690 nəfərə çatıb .Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rəqəmsal xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətdə həyata keçirilən islahatlar uğurla davam etdirilir. Bu çərçivədə vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə reallaşdırılan proaktiv pensiya təyinatları sahəsində müsbət dinamika müşahidə olunur.

"Report" informasiya agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna istinadla verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 22 min 690 şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb. Fondun təqdim etdiyi rəsmi statistikaya əsasən, bu təyinatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə həyata keçirilib.

Hesabat dövründə rəsmiləşdirilən elektron pensiya təyinatlarında gender balansı da diqqət mərkəzində olub. Belə ki, proaktiv qaydada təyinat aparılan şəxslərin 54,53 faizini kişilər, 45,47 faizini isə qadınlar təşkil edib.

Qeyd edək ki, proaktiv xidmətlər modeli vətəndaş-məmur təmasını minimuma endirməyə, şəffaflığı artırmağa və vaxt itkisinin qarşısını almağa xidmət edir. Bu sistem vasitəsilə vətəndaşların pensiya hüququ yarandığı gündən etibarən, hər hansı bir müraciət olunmadan və sənəd toplanmadan, dövlət informasiya sistemlərinin inteqrasiyası sayəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatı reallaşdırılır. Vətəndaşlara təyin olunmuş məbləğ və digər təfərrüatlar barədə mobil SMS və ya elektron bildiriş vasitəsilə məlumat verilir.

MONETAR.AZ