Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusundakı ictimai müzakirədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov ölkənin kitab xəzinəsi və idarəçilik sistemi ilə bağlı çox ciddi rəqəmlər paylaşıb. Hesabat göstərir ki, latın qrafikasına keçiddən onilliklər ötməsinə baxmayaraq, rəsmi fondlarda hələ də köhnə əlifba üstünlük təşkil edir, kadr potensialı isə olduqca zəifdir.
Nazir müavininin açıqladığı məlumatlara görə, hazırda respublika kitabxanalarının ümumi fondunda təxminən 18,8 milyon nəşr qorunub saxlanılır. Bu nəşrlərin dil və əlifba bölgüsü aşağıdakı kimidir:
-
Dil göstəricisi: Ümumi fondun 84,6%-i (15,9 milyondan çox) Azərbaycan dilində, qalan 2,9 milyondan çoxu isə müxtəlif xarici dillərdədir.
-
Əlifba təzadı: Azərbaycan dilindəki 15,9 milyonluq fondun yarıdan çoxu, yəni 9,2 milyondan çoxu (57,6%-i) hələ də Kiril qrafikasındadır. Müasir nəslin oxuya bildiyi latın qrafikalı nəşrlərin sayı isə cəmi 6,7 milyondan bir qədər çoxdur.
Kitabxana sistemində ən böyük axsaqlıqlardan biri kadrların ixtisas səviyyəsi ilə bağlıdır. "Bu sistemdə çalışan 6 461 əməkdaşın yalnız 7,7 %-i kitabxanaçılıq üzrə ali ixtisas təhsilinə malikdir. İşçilərin 10,4 %-i ali, lakin qeyri-ixtisas təhsilli, 39,3 %-i orta ixtisas, 42,6 %-i isə ümumi orta təhsillidir.
Fərid Cəfərov çıxışında təkcə kitabları və işçiləri deyil, həm də mövcud infrastrukturu sərt şəkildə tənqid edib. Aparılan daxili audit və təhlillərin acı nəticələri bəyan edilib. Ölkədə fəaliyyət göstərən kitabxanaların 90%-dən çoxu fiziki binası, daxili strukturu, rəqəmsallaşma səviyyəsi və vətəndaşlara təqdim etdiyi xidmət sahələri baxımından müasir beynəlxalq standartların tamamilə gerisində qalır.
Nazir müavini həmçinin uzun illərdir bu sahədə davam edən hesabat xətrinə statistika yığılması probleminə də toxunaraq: "Real oxucu ilə rəsmi statistikalarda, kağız üzərində göstərilən oxucu sayı arasında çox böyük fərq var",- deyə qeyd edib və bu sahədə şəffaflığın bərpa olunacağını vurğulayıb.