Həlak olan minatəmizləyənlərin ailələrinə təqaüdün təyin edilməsi qaydası dəyişdi

Həlak olan minatəmizləyənlərin ailələrinə

Minatəmizləmə fəaliyyəti zamanı həlak olan və ya aldığı xəsarət nəticəsində həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyin edilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.

Monetar.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə sosial ödənişlərin təyin edilməsi və ödənilməsi qaydalarına müvafiq dəyişiklik edilib.

Yeni qaydalara əsasən, təqaüdün təyin edilməsi üçün minatəmizləyənin ölümünü təsdiq edən ANAMA arayışı, ölüm haqqında şəhadətnamə və təqaüd almaq hüququ olan ailə üzvlərinin qohumluğunu təsdiq edən sənədlər təqdim edilməlidir.

Nikahda olan şəxslər üçün nikah haqqında şəhadətnamə, təhsil alan övladlar üçün isə müvafiq təhsil müəssisəsinin arayışı tələb olunur.

Dəyişikliklər sosial ödənişlərin təyin edilməsi, ödənilməsi və dayandırılması qaydalarında minatəmizləyənlərin ailələrinə dair müddəaların əlavə edilməsini nəzərdə tutur.