Azərbaycana 1 milyona yaxın turist gəlib amma pandemiyyadan əvvəlki səviyyəyə çatmamışıq

2025-ci ilin may ayına olan statistik məlumatlara görə, Azərbaycana səfər edən xarici vətəndaşların sayında artım müşahidə olunur. May ayında 244 079 nəfər, yanvar-may aylarında isə 979 963 nəfər ölkəyə səfər edib. İlk baxışda bu artım müsbət görünə bilər. Lakin detallı təhlil göstərir ki, artım tempinin zəifliyi, əsas bazarlardakı geriləmə və strateji risklər fonunda turizm sektoru hələ də dayanıqlı inkişafa qədəm qoymayıb.
Ölkəyə gələnlərin sayında ötən illə müqayisədə cəmi 1,5–2% artım qeydə alınıb. Bu isə onu göstərir ki, Azərbaycanın turizm sektoru hələ də pandemiyadan öncəki dövrə tam qayıda bilməyib.
Ənənəvi olaraq Azərbaycanın əsas turist axını mənbəyi olan Rusiyadan gələnlərin sayında 9 % azalma müşahidə olunur. Buna səbəb geosiyasi qeyri-sabitlik, aviaəlaqələrin azalması və Rusiya daxilindəki iqtisadi durğunluqdur.
Statistikada ən diqqətçəkən məqamlardan biri də Cənubi Asiya ölkələrindən (Hindistan, Pakistan və s.) gələn turistlərin sayında 21% artım olmasıdır.
Turizm statistikasında saylar artsa da məzmun və keyfiyyət baxımından real dönüş nöqtəsi müşahidə olunmur. Əsas bazarda azalma gəlirliliyin qeyri-müəyyənliyi və regional balanssızlıq sektorda hələ də ciddi islahatlara ehtiyac olduğunu göstərir.
Azərbaycan turizminin davamlı inkişafı üçün bazar şaxələndirməsi (Cənubi Asiya, Yaxın Şərq, Avropa), regionların gücləndirilməsi, premium turist seqmentinin cəlbi şərtdir.
Əgər bu addımlar atılmasa Azərbaycan turizmi say artımına baxmayaraq dayanıqlı iqtisadi qazanc əldə edə bilməyəcək.
MONETAR.AZ