Cibə ən çox zərbə dekabrda dəyir

Azərbaycanda əhali tərəfindən ən çox alış-veriş dekabr ayında edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin dekabrında ərzaq və qeyri-ərzaq mallarına yönəlmiş ümumi ticarət dövriyyəsi təxminən 8,3 milyard manata yaxınlaşıb. Bu göstərici son 1 ilin yüksək səviyyəsidir.
Dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatlarına təxminən 4,6 milyard manat, qeyri-ərzaq məhsullarına isə 3,7 milyard manat xərclənib. Bu artım əsasən bayram alış-verişləri, il sonu kampaniyaları və hədiyyə ehtiyacları ilə bağlıdır. Nəticədə ilin son ayı həm ərzaq, həm də qeyri-ərzaq sektoru üçün satışların zirvəyə çıxdığı dövr olub.
Maraqlıdır ki, qeyri-ərzaq məhsullarına olan tələbat il ərzində daha sürətlə artıb. Əgər yanvar ayında qeyri-ərzaq mallarına 2 milyard manat civarında vəsait xərclənmişdisə, dekabrda bu göstərici 3,7 milyard manata qədər yüksəlib. Bu isə təxminən 85 faiz artım deməkdir. Ərzaq xərclərində isə artım daha sabit şəkildə davam edib.
İl ərzində ən az xərclənən ay fevral olub – bu ayda ümumi alış-veriş dövriyyəsi 4,1 milyard manatdan bir qədər çox olub. Bunun əsas səbəbi həm təqvim baxımından ilin ən qısa ayı olması, həm də bayram və mövsümi alış-veriş ehtiyaclarının aşağı səviyyədə qalmasıdır.
MONETAR.AZ