Bahalı müalicə, ucuz əmək – Özəl klinikalarda maaşlar niyə aşağıdır?

2025-ci ilin yanvar-aprel aylarında səhiyyə və sosial xidmətlər sektorunda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 929,6 manat təşkil edib. Bu göstərici ölkə üzrə orta maaşdan (1 100,6 manat) təxminən 171 manat azdır. Yəni əhalinin sağlamlığı və rifahı üçün həyati əhəmiyyət daşıyan bu sektorda çalışanlar təəssüf ki, ümumi əməkhaqqı göstəricilərinə uyğun qazanc əldə etmirlər.
Dövlət və özəl arasında maraqlı fərq:
-
Dövlət sektorunda səhiyyə işçilərinin maaşı: 975,3 manat
-
Özəl sektorda: 742,7 manat
Bu fərq təxminən 230 manatdır və maraqlı bir reallığı ortaya qoyur: adətən özəl sektorda maaşların daha yüksək olduğu düşünülür, amma səhiyyə sahəsində əks mənzərə müşahidə olunur.
Maraqlıdır, özəl xəstəxanalar və klinikalar ictimaiyyətdə daha yüksək keyfiyyət, müasir avadanlıq və fərdi yanaşma ilə tanınır. Xidmətlərin qiymətləri isə adətən çox bahadır – sadə bir müayinə 50–100 manat, əməliyyatlar isə minlərlə manata başa gələ bilir. Amma bu qədər yüksək gəlir gətirən müəssisələrdə çalışan həkimlərin, tibb bacılarının və digər personalın rəsmi əməkhaqqıları orta səviyyədən aşağı olur.
MONETAR.AZ