İnflyasiya gəlir artımını "yeyib" – real fərq cəmi 0,6%-dir

2025-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 34 milyard 104 milyon manata çatıb. Hər nəfərə düşən orta nominal gəlir 3332,9 manat olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin sərəncamında qalan gəlirlər isə 29 milyard 687 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nəzərən yenə 6,9 faiz artım deməkdir. Hər nəfərə düşən sərbəst gəlir 2901,2 manat olub. 2024-cü ildə bu göstərici 2726 manat idi.
Rəsmi statistikaya əsasən, 2025-ci ilin ilk beş ayında Azərbaycanda orta illik inflyasiya 6,3 faiz təşkil edib. Bu isə o deməkdir ki, əhalinin nominal gəlirlərindəki 6,9 faizlik artım inflyasiyanı yalnız 0,6 faiz bəndi üstələyib. Başqa sözlə, real gəlir artımı cəmi 0,6% olub.
Bu qədər məhdud real artım isə əhalinin alış gücünə və həyat səviyyəsinə əhəmiyyətli təsir göstərmir. Əsas ərzaq və gündəlik istehlak mallarında qiymət artımının daha yüksək olduğu nəzərə alınarsa, əhalinin bir çox hissəsi üçün bu artımın təsiri hiss olunmaya bilər.
MONETAR.AZ