Bakıda mənzil almaq müşkülə çevrilir

Bakıda daşınmaz əmlak bazarında qiymət artımı davam edir. Son göstəricilərə əsasən, şəhər mərkəzində mənzilin bir kvadratmetri üçün orta satış qiyməti 3 615,38 manat, mərkəzdən kənar ərazilərdə isə 1 895,65 manat təşkil edir. Bu artım həm yeni tikililərə, həm də ikinci əl mənzillərə şamil olunur. Ekspertlər bildirirlər ki, qiymət artımı fonunda orta gəlirli əhali üçün mənzil almaq getdikcə daha çətinləşir.
Bakı şəhərində mənzil bazarındakı qiymət artımı əhalinin alıcılıq imkanlarına mənfi təsir göstərməkdədir. Rəsmi məlumatlara görə, qiymət-gəlir nisbəti 16,1 təşkil edir. Bu isə o deməkdir ki, vətəndaş orta aylıq gəlirini yalnız mənzil almağa yönəltsə belə, bu məqsədə çatmaq üçün azı 16 ilə ehtiyac duyacaq. Bundan əlavə, ipoteka ödənişlərinin gəlirə nisbəti 172,28 faiz olub ki, bu da ipoteka yolu ilə mənzil əldə etməyin əksər ailələr üçün real olmadığını göstərir.
Paytaxt Bakıda mənzil bazarındakı qiymət artımı kirayə mənzil bazarını daha cəlbedici edir. Şəhər mərkəzində 1 otaqlı mənzilin orta aylıq kirayə haqqı 800 manat, mərkəzdən kənarda isə 448,33 manat təşkil edir. Məlumatlara əsasən, kirayə gəlirliliyi şəhər mərkəzində 5,13 %, mərkəzdən kənarda isə 5,06 % səviyyəsindədir. Bu göstəricilər fonunda, yüksək satış qiymətləri və ipoteka şərtləri ilə müqayisədə kirayə mənzildə yaşamaq bir çox ailələr üçün daha praktik və iqtisadi baxımdan daha sərfəli hesab olunur.
MONETAR.AZ