Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib. Müsahibə 15 iyul 2026-cı il tarixindən etibarən 105 dövlət orqanında mövcud olan 398 vakant vəzifəni əhatə edir.
DİM-in məlumatına görə, vakant yerlər inzibati vəzifələrin 4–7-ci təsnifatlarına aiddir. Bunlardan 36 vəzifə dördüncü, 44 vəzifə beşinci, 103 vəzifə altıncı, 215 vəzifə isə yeddinci təsnifat üzrə təqdim olunub.
Vakansiyalar arasında ən çox yer Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilib. Qurum ümumilikdə 17 vakant vəzifə üzrə müsahibə elan edib.
Eyni zamanda, vakant yerlərin 148-i 44 yerli icra hakimiyyəti orqanı, 30-u 16 məhkəmə hakimiyyəti orqanı, 119-u isə Naxçıvan Muxtar Respublikasının 21 dövlət orqanı tərəfindən təqdim olunub.
Ümumi müsahibədə aşağıdakı kateqoriyalara aid şəxslər iştirak edə bilərlər:
- dövlət orqanlarında inzibati vəzifələrdə çalışan və müvafiq ixtisas dərəcəsinə malik dövlət qulluqçuları;
- dövlət orqanlarında inzibati vəzifələrdə azı 5 il qulluq stajı olan şəxslər;
- dövlət qulluğunun xüsusi növündə (hərbi, diplomatik və digər xüsusi xidmətlərdə) qulluq keçən və xüsusi rütbəyə malik şəxslər;
- həmin xidmət növlərində azı 5 il stajı olan keçmiş əməkdaşlar;
- dövlət orqanlarının ləğvi və ya ştat ixtisarı nəticəsində ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər;
- Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifələr üzrə dövlət qurumlarında azı 10 il iş stajı olan şəxslər;
- vakant vəzifənin təhsil istiqaməti üzrə elmlər doktoru elmi dərəcəsinə malik namizədlər.
Müsahibədə iştirak etmək istəyən şəxslər 15 iyul–13 avqust 2026-cı il saat 18:00-dək DİM-in internet portalında "Dövlət qulluğu üzrə müraciət forması"nı dolduraraq elektron qeydiyyatdan keçməlidirlər. Namizədlər təqdim etdikləri məlumat və sənədlərin tamlığına və aktuallığına görə məsuliyyət daşıyırlar.
Müraciət edən şəxslər "Dövlət qulluğu haqqında" Qanunun 27-ci maddəsində və müvafiq vakant vəzifələr üzrə müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Tələblərə uyğun gəlməyən və ya bilərəkdən yanlış məlumat təqdim edən namizədlərin müsahibə nəticələri etibarsız hesab olunacaq.
Qeydiyyat zamanı çatışmazlıq aşkar edilərsə, namizədə portal vasitəsilə elektron bildiriş göndəriləcək. Çatışmazlıqlar 3 iş günü ərzində aradan qaldırıldıqdan sonra qeydiyyat bərpa ediləcək, əks halda müraciət qüvvədə olmayacaq.
Müsahibələrin keçiriləcəyi tarix və məkan sənəd qəbulu başa çatdıqdan sonra DİM-in rəsmi internet portalında və müvafiq dövlət orqanlarının saytlarında dərc olunacaq.
DİM bildirir ki, müsahibələrin əsas məqsədi namizədlərin peşə hazırlığını, bilik səviyyəsini, ümumi dünyagörüşünü və vakant vəzifələrin icrası üçün zəruri olan şəxsi keyfiyyətlərini qiymətləndirərək onların dövlət qulluğuna uyğunluğunu müəyyən etməkdir. Müsahibələrin nəticələri də DİM-in portalında və müvafiq dövlət orqanlarının rəsmi internet səhifələrində açıqlanacaq.