DİM ilk dəfə Cambridge English: YLE proqramının kompüter əsaslı imtahanını təşkil edib

DİM ilk dəfə Cambridge English: YLE proqramının kompüter əsaslı

İyulun 13-də keçirilən imtahanla DİM ölkədə Cambridge English: Young Learners Qualifications proqramının həm Starters, həm də Movers səviyyələri üzrə kompüter əsaslı imtahan keçirən ilk imtahan mərkəzi statusunu qazanıb.

Cambridge Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilən imtahan beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib. İmtahan iştirakçılarına ingilis dili biliklərini müasir rəqəmsal platformada qiymətləndirmək imkanı yaradılıb.

Hazırda namizədlər Starters və Movers səviyyələri üzrə imtahanları həm kağız əsaslı, həm də kompüter əsaslı formatda vermək seçiminə malikdirlər. Bununla yanaşı, yaxın perspektivdə DİM-də bu səviyyələr üzrə imtahanların yalnız kompüter əsaslı formatda təşkili planlaşdırılır.

Qeyd olunur ki, bu addım beynəlxalq qiymətləndirmə sistemlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən mühüm yeniliklərdən biri hesab edilir və imtahan prosesinin daha müasir standartlara uyğun təşkilinə xidmət edir.

Dövlət İmtahan Mərkəzi bildirib ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Azərbaycanda beynəlxalq imtahanların innovativ və müasir qiymətləndirmə mexanizmləri əsasında təşkili istiqamətində fəaliyyət gələcəkdə də davam etdiriləcək.