DİM üzrlü səbəbdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün əlavə imtahan keçirib

DİM üzrlü səbəbdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verən şəxslər üçün sentyabrın 6-da əlavə imtahan keçirib.

Bundan əlavə, Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də bu imtahanda iştirak ediblər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 47 nəzarətçi, 6 buraxılış rejimi üzrə mühafizə əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.

İmtahanda ümumilikdə 388 şagirdin iştirakı nəzərdə tutulub.

Onlardan 8 nəfəri sağlamlıq imkanları məhdud olan şagirdlərdir. Onların arasında gözdən əlilliyi, eşitmə məhdudiyyəti və digər məhdudiyyətləri olan şəxslər də olub. Bu şagirdlərin imtahanı rahat şəkildə verməsi üçün binalarda xüsusi zallar ayrılıb. Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin olunub.

Hərəkət məhdudiyyətli şagirdlərin imtahan binasına və zala daxil olması, eləcə də bina daxilində sərbəst hərəkəti üçün də müvafiq şərait yaradılıb.

İmtahan nəticələrinin 5 gün ərzində elan olunması nəzərdə tutulur.