Dünyada bəzi ölkələrdə əhalinin yarıdan çoxunu 18 yaşdan aşağı şəxslər təşkil edir. Mərkəzi Afrika Respublikası 56,2 faizlə bu göstərici üzrə dünyada ilk sırada qərarlaşıb.
Monetar.az xəbər verir ki, BMT-nin Əhali Bölməsinin məlumatları əsasında hazırlanan reytinqdə 2025-ci il üzrə 236 ölkə və ərazi əhalisinin yaş strukturu müqayisə edilib.
Mərkəzi Afrika Respublikasında əhalinin 56,2 faizi 18 yaşdan aşağıdır. Niger 53,3 faizlə ikinci, Somali 53 faizlə üçüncü yerdə qərarlaşıb.
Mali və Çadda da əhalinin yarıdan çoxunu uşaqlar təşkil edir. Bu ölkələrdə göstərici müvafiq olaraq 52,9 və 52,7 faizdir.
Demokratik Konqo Respublikasında 18 yaşdan aşağı əhalinin payı 52,5 faiz, Burundidə 51,4 faiz, Mozambikdə 51,1 faiz, Anqolada 50,8 faiz, Uqandada isə 50,2 faiz təşkil edir.
Ümumilikdə, ilk 30-luqda yer alan ölkə və ərazilərin 28-i Afrikadadır. Bu göstərici qitədə əhalinin daha gənc yaş strukturuna malik olduğunu göstərir.
Reytinqin digər ucunda isə Şərqi Asiya ölkələri qərarlaşıb. Cənubi Koreyada 18 yaşdan aşağı əhalinin payı cəmi 12,9 faizdir. Yaponiya, Tayvan və Sinqapurda da uşaqların əhalidə payı 15 faizdən aşağıdır.
Tam siyahıda ən aşağı göstərici Honq Konqda qeydə alınıb. Burada 18 yaşdan aşağı şəxslər ümumi əhalinin 12,6 faizini təşkil edir.
Məlumatlar ölkələr arasında ciddi demoqrafik fərq olduğunu göstərir. Əhalisi daha gənc olan ölkələr üçün təhsil, səhiyyə, mənzil və gələcəkdə məşğulluq imkanlarının genişləndirilməsi əsas məsələlərdən biri olduğu halda, uşaqların payının az olduğu ölkələrdə isə yaşlanan əhali və gələcək işçi qüvvəsinin azalması kimi problemlər ön plana çıxır.