FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxın günlərdə ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti müşahidə olunacaq. Yağıntıların bəzi ərazilərdə intensiv xarakter alacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Nazirlik bildirib ki, intensiv yağıntılar nəticəsində yarana biləcək sel, daşqın və subasma təhlükəsindən qorunmaq üçün vətəndaşlar riskli ərazilərdən uzaq durmalı, təhlükə yarandığı halda dərhal yaxınlıqdakı yüksək əraziyə üz tutmalı və xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etməlidirlər.

Güclü külək zamanı isə yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina fasadlarından və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəklərinin, naqillərin və hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmağın qadağan olunduğu xatırladılıb.

FHN ildırım təhlükəsi ilə bağlı da vətəndaşlara xəbərdarlıq edib. Bildirilib ki, ildırım çaxarkən elektrik cihazları şəbəkədən ayrılmalı, sabit və mobil telefonlardan istifadə edilməməli, açıq havada elektrik xətləri, ildırımötürücülər, antenalar və digər metal konstruksiyalara yaxınlaşılmamalı, hündür ağacların altında sığınacaq axtarılmamalıdır. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq pəncərələri bağlamaq və ildırım təhlükəsi keçənədək nəqliyyat vasitəsində qalmaq tövsiyə edilir.

Nazirlik vurğulayıb ki, təhlükəsizlik qaydalarına əməl edilməməsi insan həyatı üçün ciddi risk yarada bilər.

"Təhlükə zamanı 112-yə zəng edin", – deyə FHN-in müraciətində qeyd olunub.