Azərbaycanda bir sıra şəxslərin əmək pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Əlavələr müəyyən qulluq və sığorta stajına malik sabiq yüksək vəzifəli şəxslərə, dövlət qulluqçularına, deputatlara, diplomatlara və digər kateqoriyalara şamil ediləcək.
Monetar.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikləri şərh edərkən bildirib.
Deputatın sözlərinə görə, dəyişikliklər Milli Məclisdə qəbul edilib. Qanun Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan və qüvvəyə mindikdən sonra yeni qaydalar tətbiq olunacaq.
Açıqlamaya əsasən, aylıq pensiya əlavələri aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edəcək:
- Azərbaycanın sabiq Birinci vitse-prezidenti və vitse-prezidentləri;
- Baş nazir və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və müavinləri;
- Prezidentin səlahiyyətli nümayəndələri və onların müavinləri;
- Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri;
- Yerli icra hakimiyyəti başçıları;
- Qanunda nəzərdə tutulan müvafiq şərtlərə cavab verən sabiq dövlət qulluqçuları;
- Müəyyən sığorta stajına malik sabiq deputatlar;
- Hesablama Palatasının sabiq üzvləri;
- İnsan hüquqları üzrə müvəkkil və müvafiq şərtlərə cavab verən sabiq ombudsmanlar;
- Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Mərkəzi Seçki Komissiyasının müəyyən stajı olan sabiq üzvləri;
- Müvafiq qulluq stajına malik sabiq diplomatik xidmət əməkdaşları;
- Qanunda nəzərdə tutulan şərtlərə uyğun gələn Müdafiə Nazirliyinin hərbi qulluqçuları;
- Media və Yayım Şurasının, eləcə də qanunda göstərilən digər müvafiq qurumların üzvləri.
Vüqar Bayramovun açıqlamasına görə, bəzi kateqoriyalar üzrə azı 15 il qulluq stajı tələb edilir. Sabiq deputatlar, Hesablama Palatasının üzvləri, ombudsmanlar və seçki komissiyalarının müəyyən üzvləri üçün isə müvafiq səlahiyyət müddətinin azı yarısı qədər sığorta stajı şərti nəzərdə tutulur.
Bununla yanaşı, əmək pensiyası yaşına çatmış və ya həmin yaşa çatmazdan əvvəl orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəzi əmək pensiyaçıları da yeni qaydaların əhatə dairəsinə daxil ediləcək. Əlavənin məbləği nə qədər olacaq?
Aylıq sabit əlavənin konkret məbləği hələ açıqlanmayıb. Deputat bildirib ki, əlavənin məbləği müəyyən ediləcək, ödənişlər isə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.